Berlində keçirilən blits üzrə dünya çempionatı rusiyalı şahmatçının qələbəsi ilə başa çatıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Berlində keçirilən blits üzrə dünya çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, şahmat yarışında çempion adını 21 oyundan aktivinə 15,5 xal yazan Rusiya şahmatçısı Aleksandr Qrişuk qazanıb. Fransa təmsilçisi Maksim Vaşe-Laqrav və rusiyalı Vladimir Kramnik çempiondan yarım xal az toplayaraq 15 xalla 2-3-cü yerləri bölüşdürüblər.
Təmsilçilərimizdən ən yaxşı nəticəni Rauf Məmmədov və Şəhriyar Məmmədyarov göstəriblər. Hər iki şahmatçımız hərəyə 13,5 xal toplayaraq 14-15-ci pilləni bölüşdürüblər. Teymur Rəcəbov 12,5 xalla 28-ci yerdə qərarlaşıb. Aktivinə 12 xal yazan Eltac Səfərli isə 44-cü olub. Qədir Hüseynov 12 xal toplasa da, əlavə göstəricilərə görə 47-ci pillənin sahibi olub. Namiq Quliyev isə 10 xalla çempionatı 115-ci yerdə başa vurub.
İsveçrə sistemi üzrə 21 turdan ibarət olaraq keçirilən çempionatda 50 ölkədən 188 şahmatçı mübarizə aparıb.