Bernama agentliyi: Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Bakı, 24 oktyabr, AZƏRTAC
Malayziyanın Bernama agentliyi Qoşulmama Hərəkatının Bakıda təşkil olunan XVIII Zirvə Görüşü ərəfəsində geniş məqalə dərc edib.
Bir neçə gün əvvəl AZƏRTAC-da qonaq olan beynəlxalq informasiya departamentinin redaktoru Racminakan Raviçandranın müəllifi olduğu məqalədə Qoşulmama Hərəkatının Nazirlər Görüşündən və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun çıxışındakı fikirlərə geniş yer ayıran müəllif Malayziyanın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bir daha xatırladır.
Nazirin çıxışına istinad edilən məqalədə bildirilir ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi regional və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdiddir və Azərbaycanın davamlı inkişaf potensialından tam istifadə etməsinə mane olur. Ermənistanla münaqişə Azərbaycan ərazisinin beşdəbirinin işğalı və bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Münaqişənin hələ birinci günündən hərbi əməliyyatların müstəsna olaraq yalnız Azərbaycan ərazisində aparıldığını, mülki əhaliyə və infrastruktura ciddi təsir etdiyini vurğulayan nazir Qoşulmama Hərəkatına üzv olan bütün ölkələrə Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Məqalədə Qoşulmama Hərəkatı barədə də məlumat verilir və diqqətə çatdırılır ki, bu mötəbər beynəlxalq təşkilata 120 üzv, 17 müşahidəçi ölkə və 10 müşahidəçi qurum daxildir.
Müəllif Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən bəhs edir. Bildirir ki, iki ölkə arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından sonra başlayıb. Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon Ermənistan tərəfindən işğal olunub. Bütün bu ərazilər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan hissəsidir. Lakin buna baxmayaraq, Ermənistan bu günədək öz silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkməyib.
Məqalədə deyilir: Malayziya BMT-nin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən dörd qətnaməni, həmçinin Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən qəbul edilən müvafiq sənədləri birmənalı olaraq dəstəkləyir.
Müəllif oxuculara ölkəmiz haqqında da ətraflı məlumat verir. Azərbaycanda 10 milyon insanın yaşadığı, əhalinin 96 faizini müsəlmanların təşkil etdiyi, onun müsəlman dünyasında ilk demokratik respublika olduğu diqqətə çatdırılır.