İQTİSADİYYAT
Beş ayda hər bir ölkə sakini 287,1 manatlıq ödənişli xidmətlərdən istifadə edib
Bakı, 16 iyun, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart, aprel və may aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir cari ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azalaraq 2 milyard 858,8 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 137 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 74,8 faizini təşkil edib. Cari ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 287,1 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 49,5 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.