Beş yaşlı Fəridin qeyri-adi riyazi bacarıqları VİDEO
Bərdə, 8 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunun Uğurbəyli kəndində yaşayan 5 yaşlı Fərid Səmədzadə qeyri-adi riyazi bacarıqları ilə hamının təəccübünə səbəb olub. O, yaşına uyğun olmayan səviyyədə mürəkkəb riyazi əməliyyatları hesablayıcıdan istifadə etmədən həll edir.
Fəridin atası Rəhman Səmədzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, onun bu istedadını 4 yaşında ikən biliblər: “Yaşıdları oyuncaqla oynadığı halda Fəridin oyuncağı kalkulyator olub. 4 yaşından vurma, bölmə, toplama, çıxma, mənfi ədədləri, kvadratı özü öyrənib. Fəridin bu istedadını biləndən sonra ona istiqamət verib, bəzi şeyləri öyrətmişik. Hazırda 5 yaşı var. Əlavə olaraq qüvvətləri, kubu, ƏKOB-u, ƏBOB-u, tənlikləri, faizi, kəsri, qalıqlı bölməni, loqarifm məsələlərini sərbəst həll edir. Riyazi əməlləri 6-7-ci sinif, elə məsələlər də var ki, 8-11-ci sinif səviyyəsində bilir. Gününü rəqəmlərlə, yazmaqla, hesablamaqla keçirir”.
Valideynləri hazırda məktəbəhazırlıq qrupuna gedən Fəridin riyaziyyat təmayüllü məktəbdə təhsil almasını istəyirlər.