BƏT Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü ilə bağlı diskussiya təşkil edib
Bakı, 12 iyun, AZƏRTAC
Bu gün dünya ictimaiyyəti bəşəriyyəti narahat edən ən aktual problemlərdən birinə həsr olunmuş Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününü qeyd edir.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) 111-ci Beynəlxalq Əmək Konfransı çərçivəsində bu münasibətlə yüksək səviyyədə diskussiya təşkil edib. Tədbirdə təşkilata üzv ölkələrin nümayəndələri, sosial siyasət üzrə ekspertlər, hökumətlərin təmsilçiləri iştirak ediblər.
BMT-nin məlumatına görə, 2000-ci ildən bəri, yəni təxminən iyirmi ildir ki, dünya uşaq əməyinin azaldılmasında davamlı irəliləyiş əldə edir. Lakin son bir neçə il ərzində münaqişələr, böhranlar və COVID-19 pandemiyası daha çox ailəni yoxsulluğa sürükləyib və milyonlarla azyaşlını uşaq əməyinə məcbur edib. İqtisadi artım həddən artıq çox ailə və icmanın hiss etdiyi və onları uşaq əməyinə müraciət etməyə vadar edən təzyiqi aradan qaldırmaq üçün kifayət qədər əhatəli olmayıb. Bu gün 160 milyon azyaşlı hələ də uşaq əməyi ilə məşğuldur. Bu, demək olar ki, dünyada hər on uşaqdan biri deməkdir.
Afrika həm uşaq əməyində istifadə olunan uşaqların faizinə görə (hər beş azyaşlıdan biri), həm də əməyə cəlb olunan uşaqların mütləq sayına görə (72 milyon nəfər) dünyanın regionları arasında ən mənfi göstəriciyə malikdir. Asiya və Sakit okean hövzəsi hər iki göstərici üzrə ikinci yerdədir. Burada bütün uşaqların 7 faizi və mütləq ifadədə 62 milyonu əmək fəaliyyətinə cəlb olunub.
Afrika, Asiya və Sakit Okean regionları birlikdə bütün dünyada uşaq əməyinə cəlb edilən azyaşlıların hər onundan doqquzunu təşkil edir. Amerikada 11 milyon, Avropa və Mərkəzi Asiyada 6 milyon və ərəb ölkələrində 1 milyon azyaşlının əməyi istismar olunur. Bundan başqa, Amerika qitəsində uşaqların 5 faizi, Avropa və Mərkəzi Asiyada 4 faizi, ərəb dövlətlərində isə 3 faizi əməyin istismarı zamanı müxtəlif xəstəliklərə və qəzalara məruz qalıb.
Uşaq əməyinə cəlb olunan uşaqların faizi aşağı gəlirli ölkələrdə ən yüksək olsa da, orta gəlirli ölkələrdə də onların sayı faktiki olaraq çoxdur. Aşağı-orta gəlirli ölkələrdə bütün uşaqların 9 faizi və yuxarı-orta gəlirli ölkələrdəki azyaşlıların 7 faizi işləmək məcburiyyətindədir. Hər bir milli gəlir qrupu üzrə uşaq əməyində olan uşaqların mütləq sayı ilə bağlı statistika göstərir ki, işləyən azyaşlıların 56 faizini təşkil edən 84 milyon uşaq faktiki olaraq orta gəlirli, əlavə olaraq 2 milyon uşaq isə yüksək gəlirli dövlətlərdə yaşayır.
Bu il Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü “Hamı üçün sosial ədalət. Uşaq əməyinə son qoyulsun!” devizi altında keçirilir.