BEYNƏLXALQ EKSPERTLƏR AZƏRBAYCANDA İNSAN HAQLARININ QORUNMASINI YÜKSƏK DƏYƏRLƏNDİRİR
Ölkəmizdə aparılan demokratik islahatlar, o cümlədən insan hüquqlarının təmin edilməsi üzrə görülən işlər öz müsbət nəticələrini verir.
Cəzaçəkmə müəssisələrində vəziyyəti qiymətləndirmə missiyasi ilə ölkəmizdə səfərdə olan Avropa Şurasının ekspertlərinin Ədliyyə Naziri Fikrət Məmmədovla görüşündə ifadə olunan bu fikir qonaqların qənaəti kimi səslənmişdir.
Cənab Nikolas Brukun (Böyük Britaniya) başçılıq etdiyi ekspertlər qrupunu səmimi salamlayan nazir ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatından, insan haqlarının, o cümlədən məhkumların hüquqlarının təmin edilməsi sahəsində görülmüş işlərdən danışmış, ölkə başçısının təşəbbüsü ilə qəbul edilmiş amnistiya və əfv aktları barədə məlumat vermişdir.
Qonaqlar Azərbaycanın bir çox cəzaçəkmə müəssisələirinə baş çəkdiklərini bildirmiş, benitensiar sahədə aparılan islahatlar nəticəsində əldə edilmiş müsbət dəyişikliklərin bilavasitə şahidi olduqlarını qeyd edərək, məhkumların saxlanma şəraitinin köklü şəkildə yaxşılaşmasını, o cümlədən tibbi xidmət sahəsində yenidənqurma işlərini xüsusi razılıq hissi ilə vurğulamışlar.
Həmçinin, qonaqlar mövcud problemlərə toxunmuş, onları maraqlandıran suallara cavablar vermiş və ekspertlər yazılı hesabatlarını tövsiyələrlə Avropa Şurasına rəsmi təqdim edəcəklərini bildirmişlər.
Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə ədliyyə nazirinin müavini, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımov iştirak etmişdir.