BEYNƏLXALQ ƏMƏKDAŞLIĞA DAİR SEMİNAR ÖZ İŞİNİ DAVAM ETDİRİR
Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının (NSHQMT) Mərkəzi Asiya və Qafqazdan olan üzv ölkələrlə beynəlxalq əməkdaşlığına dair seminar davam edir.
Seminarın martın 26-da keçirilən dördüncü iclasında “NSHQMT-nin Mərkəzi Asiya və Qafqazda Beynəlxalq Əməkdaşlığı” mövzusuna həsr olunmuş iki məruzə dinlənilmişdir. Hazırlıq Komitəsinin nümayəndələri Peder Yohanson “Mərkəzi Asiyada və Qafqazda milli məlumat mərkəzləri” və Piter Başam “Mərkəzi Asiyada və Qafqazda beynəlxalq müqavilə sisteminin işinin statusu“ mövzularında çıxış etmişlər. Sonra isə seminarda iştirak edən K. Abdullabəyov (Özbəkistan), E. Starovoyt (Rusiya), M.Dəryayi (İran) və N.Türkellinin (Türkiyə) təşəbbüsü ilə regional və beynəlxalq əməkdaşlığın nümunələri, o cümlədən F.Qədirov ( Azərbaycan), N. Belyaşova (Qazaxıstan), A. Qalbur (Moldova) və T. Orozobakovun (Qırğızıstan) təklifləri ilə Mərkəzi Asiya və Qafqazda regional əməkdaşlığın imkanları barədə geniş müzakirələr olmuşdur.
AZƏRTAC-ın müxbiri seminar iştirakçılarından qısa müsahibələr almışdır. Nazırlıq Komitəsinin hüquqi və xarici əlaqələr bölməsinin rəhbəri cənab Honq Las Çanq demişdir ki, Azərbaycanda keçirilən bu tədbirin əsas məqsədi dünyada təhlükəsizliyin təmin edilməsi naminə bütün səyləri birləşdirmək, habelə seminarda təmsil olunan 14 ölkənin nümayəndələrinə Hazırlıq Komitəsi tərəfindən görülən işlər barədə məlumat vermək və onun iş rejimini təsdiq etməkdir. İnanırıq ki, burada təmsil olunan ölkələr Komitənin apardığı işlərə dəstək verəcəkdir, çünki bu xeyirxah iş dünyada təhlükəsizliyin və sabitliyin təminatına yönəlmişdir. Təbii fəlakətlər zamanı ölkələr arasında sıx əməkdaşlıq yaradılması da bu qurumun missiyasına daxildir. Belə mötəbər tədbirin keçirilməsinə çox böyük köməyinə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk.
Türkiyə XİN-in nümayəndəsi Ayrut Kumbaroğlu isə xatırlatmışdır ki, belə bir toplantı 2001-ci ildə İstanbulda olmuşdur. İndiki toplantıdan da çox şey gözləyirik. Ümidvaram ki, seysmologiya sahəsində səmərəli iş aparan Azərbaycan və Türkiyə alimləri bundan sonra daha yaxından əməkdaşlıq edəcəklər. Dünya ölkələri hümanizm prinsiplərini üstün tutaraq, öz səylərini birləşdirməlidir.
Martın 27-də seminar başa çatacaqdır.