“BEYNƏLXALQ HUMANİTAR HÜQUQUN ƏSASLARININYAYIMI PROQRAMI” HƏYATA KEÇİRİLİR
Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Beynəlxalq humanitar hüququn əsaslarının yayımı proqramı”nı həyata keçirir. Proqramın əsas məqsədi əhalinin geniş təbəqələrində və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin müxtəlif strukturlarında beynəlxalq qızıl xaç və qızıl aypara hərəkatının tarixi, onun tərkib hissələrinin fəaliyyətləri barədə məlumat yaymaq, beynəlxalq humanitar hüququn əsas normalarını təbliğ etməkdir. Bu proqram Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, proqramın respublikada daha geniş yayılması üçün yerlərdə, regional mərkəzlərdə beynəlxalq qızıl xaç və qızıl aypara hərəkatı, beynəlxalq humanitar hüququn yayımı üzrə könüllülər hazırlanır. BQXK ilə birgə tədbirlər, informasiya yayımı üzrə fəaliyyət göstərən könüllülər üçün seminarlar keçirilir.