BEYNƏLXALQ HÜQUQİ ƏMƏKDAŞLIĞA TÖHFƏ
Bu günlərdə Cənubi Koreyanın paytaxtı Seulda 100-dək dövlətin məhkəmə, prokurorluq, ədliyyə və digər hüquq mühafizə xidmətlərinin rəhbər işçilərinin iştirakı ilə Assosiasiyanın illik konfransı və ümumi yığıncağı, habelə təşkilatın İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Tədbirlərdə ölkəmizi Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Müxtəlif hüquq sistemləri olan dövlətlərdə ədalət mühakiməsinin və cinayət təqibinin həyata keçirilməsi problemlərinə və digər aktual məsələlərə həsr olunmuş konfransda Azərbaycanın ədliyyə naziri əsas məruzəçi kimi ingilis dilində çıxış edərək, ölkəmizdə hüquq sistemində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş köklü demokratik islahatlar və mütərəqqi dəyişikliklər, insan haqlarının etibarlı təmin olunmasına yönəlmiş məqsədyönlü tədbirlər barədə müasir texniki əyani vasitələrdən istifadə etməklə geniş məlumat vermiş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır. Böyük marağa səbəb olmuş məruzə tədbir iştirakçılarına paylanmış və konfransın rəsmi materiallarına daxil edilərək dünyanın hüquq mühafizə strukturları arasında yayılmışdır.
Assosiasiyanın ümumi yığıncağında təşkilatın rəhbər orqanına seçkilər keçirilmişdir. Assosiasiyanın işində səmərəli fəaliyyəti nəzərə alınaraq, Azərbaycan ədliyyə naziri yenidən İcraiyyə Komitəsinə üzv seçilmiş, Azərbaycanın Assosiasiyanın inkişafına töhfəsi haqda məlumat yekun rəsmi sənədə daxil edilərək, tədbir iştirakçıları arasında yayılmışdır. Dünyanın qabaqcıl dövlətləri ilə yanaşı, Azərbaycanın da bu mötəbər təşkilatın rəhbər orqanında təmsil edilməsi ölkəmizin beynəlxalq əlaqələrini genişləndirərək, hüquqi yardım göstərilməsində xarici dövlətlərin hüquq mühafizə strukturları ilə əməkdaşlıq imkanlarını daha da genişləndirir.
Səfər çərçivəsində müxtəlif dövlətlərin hüquq mühafizə xidmətlərinin rəhbərləri ilə görüşlər keçirilərək, əməkdaşlığın perspektivləri müzakirə olunmuş, Azərbaycan həqiqətləri barədə məlumat verilmiş, xüsusilə də diqqət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuşdur. Ölkəmizlə əməkdaşlığa böyük maraq göstərən Laosun Baş Prokuroru Azərbaycanın ali məktəblərini bitirən laosluların ölkəsində yüksək mövqe tutmalarını, o cümlədən hökumətdə təmsil olunmalarını məmnuniyyətlə vurğulamışdır.
Səfər zamanı Cənubi Koreyanın məhkəmə-hüquq sistemi ilə tanış olunmuş, ölkənin ədliyyə naziri və Baş Prokuroru ilə görüşlərdə faydalı təcrübə və fikir mübadiləsi aparılmış, beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.