Beynəlxalq jurnalda azərbaycanlı alimin məqaləsi dərc olunub
Tokio, 23 dekabr, AZƏRTAC
Beynəlxalq İnformasiya Displeyləri Cəmiyyətinin (SID) jurnalında Tokioda yaşayan azərbaycanlı alim Xəlil Kələntərin növbəti məqaləsi dərc olunub.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müəllif özü məlumat verib. Bildirib ki, SID dünyanın ən böyük displey texnologiyaları cəmiyyətidir.
Məqalə barədə məlumat verən müəllif qeyd edib ki, “Əyri üzvi işığın yayılmasının optik xarakteristikası, maneə təbəqələrinin qalınlığı müxtəlif olan diodlar və əyriliklərin silindrik radiusları” adlı məqalədə apardığı nəzəri tədqiqatlar və əldə etdiyi yeniliklər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Xəlil Kələntər işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri və istehsalçısıdır. 2007-ci ilin mayında LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafat, 2016-cı ildə isə Yaponiya Maye Kristal Cəmiyyətinin xüsusi “Texnoloji inkişaf mükafatı"nı alıb. Alim apardığı araşdırmalarla yalnız Yaponiyada deyil, eyni zamanda, Amerika və Avropada da yaxşı tanınır. O, 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Alim elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, 130-dan artıq elmi məqalənin müəllifidir. LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün 2007-ci ildə kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın nüfuzlu “Society for Information Display” (SID) Cəmiyyətinin fəxri üzvü seçilib, SID Cəmiyyəti proqram komitəsinin üzvüdür.
Xəlil Kələntər hazırda “Global Optical Solutions” və “Kepler” şirkətlərinin baş tədqiqatçısıdır. Bundan əlavə, soydaşımız “Journal of SID” elmi jurnalının xüsusi buraxılışının redaktoru, displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin də üzvüdür. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunub. LCD texnologiyaları üzrə yapon dilində 3 kitabın, həmçinin elektronik displeylə bağlı olan yapon və ingilis dillərində nəşr edilən 11 kitabın həmmüəllifidir.
Bütün bunlarla yanaşı, Xəlil Kələntər həm “Journal of SID” elmi jurnalının xüsusi buraxılışının redaktoru, həm də displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin üzvü kimi çalışır.
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio