BEYNƏLXALQ KONFRANS BAŞA ÇATDI
Konfransda uzun müzakirələrdən sonra yekun sənədi qəbul olundu. Sənəddə turizm sahəsində regional və ikitərəfli əməkdaşlığın inkişafı üçün QİƏT ölkələrinin gələcək fəaliyyətinin istiqamətləri müyyən edilmişdir. Bu istiqamətdə birgə fəaliyyəti əlaqələndirmək üçün xüsusi İnternet-sayt, QİƏT-in turizm sahəsində informasiya mərkəzini yaratmaq, videomateriallar, televiziya proqramları mübadiləsi aparmaq nəzərdə tutulur. Regional miqyasda turizmin inkişafı üzrə əsas vəzifələr sırasında QİƏT ölkələri arasında viza prosedurlarının sadələşdirilməsi də var. Azərbaycanın təklifi ilə yekun sənədinə milli turizm sənayesinin inkişafında QİƏT ölkələri, - onların arasında Ermənistan da var, – tərəfindən beynəlxalq hüquq normalarına və digər dövlətlərin ərazi bütövlüyünə riayət olunmasının zəruriliyi haqqında bənd də daxil edilmişdir.
Qara dənizin tədqiqi üzrə Beynəlxalq Mərkəzin baş direktoru Yannis Papanikolau sonra keçirilmiş mətbuat konfrasında vurğuladı ki, Azərbaycanda olduğu qısa müddət ərzində ölkəmizin turizm sahəsində böyük gələcəyi olduğunu yəqin etdi. O dedi ki, bunun üçün hər cür lazımi şərait - əlverişli iqlim, qonaqpərvər xalq, çoxlu tarix-mədəniyyət abidəsi var. QİƏT-in Biznes Şurasının baş katibi Kostas Masmanidis, öz növbəsində, bildirdi ki, Şuranın rəhbər heyətinin növbəti iclası oktyabrın axırlarında Bakıda keçiriləcəkdir.