Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi region gəncləri üçün onlayn təlim keçirir
Bakı, 19 iyun, AZƏRTAC
BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində 10 müxtəlif regiondan olan gənclər üçün dörd həftəlik intensiv onlayn biznes və maliyyə savadlılığı təlimlərinə başlayıb.
BMqT-in ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, iyunun 18-dən iyulun 18-dək keçirilən təlimin məqsədi gənclərin idarəetmə bacarıqları və maliyyə savadlılığını artırmaqdır.
İştirakçıların əksəriyyəti paytaxtdan kənar bölgələrdə Gənclər Evləri və Karyera İnkişaf Mərkəzləri ilə əlaqəli gənclərdir.
Təlim iqtisadiyyat, maliyyə və idarəetmə uçotu və biznesin idarə olunması əsasları üzrə nəzəri və təcrübi bilikləri əhatə edəcək. Təlimlə bağlı bütün xərclər layihə çərçivəsində qarşılanır.
Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.