Beynəlxalq təşkilatlar Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə olunması faktını ciddi şəkildə araşdırmalıdır
Bakı, 5 aprel, AZƏRTAC
Ermənistanın ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməsi onun cinayətkar mahiyyətindən xəbər verir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
O bildirib ki, bu fakt Ermənistanın hərbi cinayətlərinə yeni sübutdur və beynəlxalq təşkilatlar buna biganə qalmamalıdır. Ermənistanın istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində ölkəmizə qarşı çoxsaylı hərbi cinayətlərə yol verdiyi məlumdur. Qırx dörd günlük müharibədə açıq döyüşlərdə ağır məğlubiyyətə uğrayan Ermənistanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir və sair şəhərləri qadağan edilmiş raketlərdən atəşə məruz qoyduğu, mülki insanların ölümünə imza atdığı bütün dünyanın gözü qarşısında baş verən reallıqlardır. Lakin bu günlərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) apardığı araşdırmalar nəticəsində Ermənistanın Vətən müharibəsi dövründə Şuşaya “İsgəndər” raketləri atması ilə bağlı da yeni faktlar meydana çıxıb ki, bu da rəsmi İrəvanın cinayətkar xislətini, Ermənistanın antiinsani mahiyyətini göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan region üçün böyük təhlükə mənbəyidir və dünya bu həqiqəti, nəhayət, dərk etməlidir.
Polkovnik qeyd edib ki, bu faktla bağlı araşdırılması vacib məsələlərdən biri də Ermənistanın bu raketləri necə əldə etməsi ilə bağlıdır. Heç kimə sirr deyil ki, münaqişə tərəflərinə belə bir raketin verilməsi beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Bu baxımdan, Ermənistanla yanaşı, ona bu raketləri verən dövlətin də məsuliyyət payı müəyyənləşdirilməlidir.
Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Ermənistanın “İsgəndər” raketlərindən istifadə etməsi beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən ciddi şəkildə araşdırılmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalanmalıdır. Bu məsələdə silahlara nəzarət üzrə beynəlxalq təşkilatlar da fəal rol oynamalıdır. Çünki Ermənistan ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməklə, sadəcə, Azərbaycana qarşı cinayətə yol verməyib. Ermənistan bununla həm də beynəlxalq hüquqa qarşı cinayət törədib. Buna görə də Ermənistan bu cinayətə görə cəzalanmalı, məsuliyyətə cəlb edilməlidir. Bu isə beynəlxalq təşkilatların, aparıcı dövlətlərin moderatorluğunda həyata keçirilməlidir. Ermənistan kimi ölkələrə müasir silahların verilməsinin mənfi nəticələri 44 günlük müharibə dövründə dinc azərbaycanlı əhalinin raket atəşinə tutulması kimi qiymətləndirilməlidir.
“Ermənistanın cəzalandırılmasının təmin edilməsi beynəlxalq təşkilatların, böyük dövlətlərin istər hüquq, istərsə də mənəvi baxımdan üzərinə düşən bir öhdəlikdir və yəqin ki, biz yaxın gələcəkdə onların bu öhdəliyi nə dərəcədə yerinə yetirəcəyinin şahid olacağıq”, - deyə Cəlil Xəlilov vurğulayıb.