Beynəlxalq Türk Akademiyası Zəfər Günü münasibətilə bəyanat yayıb
Bakı, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Beynəlxalq Türk Akademiyası bəyanat yayıb.
AZƏRTAC həmin bəyanatı təqdim edir.
“Beynəlxalq Türk Akademiyasının qurucu üzvü Azərbaycan Respublikası 8 Noyabr - Zəfər Gününü qeyd edir. Bu əlamətdar tarix qardaş Azərbaycan xalqının ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı şanlı mücadilənin, birlik və bərabərliyin sarsılmaz təntənəsi oldu.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu Birləşmiş Millətlər Təşkilatının onillər boyu kağız üzərində qalan, ədalətsizliyə, hüquqsuzluğa son qoya bilməyən qətnamələrini öz gücü ilə icra etmiş oldu.
Möhtəşəm Zəfər Azərbaycanın inkişafı və çiçəklənməsinə, bölgəmizdə və regionumuzda davamlı sülhün, təhlükəsizliyin, inkişafın təmin edilməsinə, eyni zamanda, bütün Türk dünyasında əməkdaşlığın yeni, daha səmərəli və maneəsiz mərhələyə qədəm qoymasına yol açdı.
Beynəlxalq Türk Akademiyası olaraq Azərbaycan Respublikasını, qardaş Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edir, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi rəhmətlə anır, qazilərimizə Allahdan şəfa diləyirik.
Şanlı Zəfər Günümüz, birlik və bərabərliyimiz əbədi olsun!
Darxan Kıdırəli
Beynəlxalq Türk Akademiyasının prezidenti”.