Beynəlxalq videokonfransda Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb
Bakı, 25 avqust, AZƏRTAC
Qazaxıstan Respublikasının təhsil işçilərinin illik respublika tədbirləri çərçivəsində "Uşaqların rifahı: yeni zamanın problemləri və riskləri" mövzusunda beynəlxalq videokonfrans keçirilib. BMT-nin Uşaq Fondunun (UNICEF) Qazaxıstandakı nümayəndəsi Artur van Dizenin texniki və ekspert dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycan da daxil olmaqla 11 ölkənin uşaq hüquqlarının müdafiəsini əlaqələndirən mərkəzi dövlət orqanlarının məsul şəxsləri, beynəlxalq və milli ekspertlər iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən (AQUPDK) AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirdə ölkəmizi komitənin Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova təmsil edib. AQUPDK-nın əməkdaşı “Azərbaycanda dövlət uşaq siyasəti” mövzusunda çıxış edərək uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Azərbaycanın müstəqil dövlət kimi qoşulduğu ilk konvensiyanın da məhz uşaq hüquqlarına dair olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb.
C.Bağırova son illər həyata keçirilən tədbirlər, o cümlədən bu il qəbul olunan “Azərbaycan Respublikasının uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın məqsəd və hədəfləri barədə ətraflı məlumat verib. O bildirib ki, sənəd Azərbaycanda uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, bu sahədə işlək mexanizmin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyinin göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, sağlam mühitdə böyümə və tərbiyə, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə uşaq siyasətinin əsas hədəflərini müəyyən edir. O, eyni zamanda, təcavüzkar siyasət yürüdən Ermənistan tərəfindən ərazilərimizin işğalı, atəşkəs rejiminin dəfələrlə pozulması məsələlərinə toxunaraq bildirib ki, münaqişə insanların psixoloji, sosial, iqtisadi həyatına çox pis təsir göstərir və bu hallar bölgədə sağlamlıq imkanları məhdud uşaqların sayının artmasına gətirib çıxarır.
Dövlət komitəsinin nümayəndəsi uşaq müdafiəsi sahəsində qəbul edilən qanunlar və dövlət proqramları barədə məlumat verərək mütəmadi şəkildə uşaqların qidalanması, təhlükəsizliyi, zorakılıqdan müdafiəsi və digər məsələlərlə bağlı aparılan monitorinqlər və nəzarət tədbirləri barədə ölkəmizin təcrübəsini iştirakçılarla bölüşüb.
C.Bağırova, həmçinin bu il Azərbaycan Respublikası Baş Nazirinin Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi və bu istiqamətdə aparılacaq işlər barədə məlumat verib. Qeyd edib ki, AQUPDK bu istiqamətdə gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair tədbirlər keçirir, maarifləndirici vəsaitlər hazırlayır, əhali arasında maarifləndirmə işini təşkil edir, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair tədqiqatlar aparır, onların nəticələri barədə ictimaiyyətə məlumat verir.
Beynəlxalq videokonfransda uşaqların rifahı üçün milli monitorinq sistemlərinin (uşaqların rifahı indeksi), dövlət büdcəsinin uşaqların və ailələrin (uşaqların büdcəsinin) mənafelərinə məqsədli xərclənməsi üzrə milli alətinin inkişafı məsələləri müzakirə olunub, uğurlu təcrübə mübadiləsi aparılıb.