BEYNƏLXALQ XEYRİYYƏ TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ BAKIDA
İyulun 28-də Azərbaycan Prezidenti Heydər Əliyev nümayəndə heyətini qəbul etmişdir. Söhbət zamanı təşkilatın respublikamızda görəcəyi işlərlə bağlı geniş fikir mübadiləsi aparılmışdır. Heydər Əlkiyev bu ölkəyə rəsmi səfərindən, müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Fəhd ibn Əbdüləziz al Səudla görüşlərindən razı qaldığını bildirmiş və qeyd etmişdir ki, bütün bunlar ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsində və inkişaf etməsində mühüm rol oynayacaqdır.
Azərbaycan dövlətinin başçısı Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfərinin həmin ölkədə böyük rəğbətlə qarşılanmasından və iki ölkənin münasibətlərinə müsbət təsirindən bəhs edən Əbdülhəmid Cəfər Dağıstani BİNT-in Azərbaycanda kənd təsərrüfatının inkişafı və qaçqınların problemlərinin həlli ilə əlaqədar hazırlanmış lahiyələri barədə məlumat vermişdir. Qonaq demişdir ki, bu təşkilat Bərdədə 870 qaçqın ailəsini himayəyə götürəcək, onlar üçün kiçik yaşayış evləri tikəcəkdir. O bildirmişdir ki, xeyriyyə təşkilatı yetimlərin və əlillərin problemlərinə ciddi diqqət yetirəcək, hətat bununla əlaqədar olaraq, Azərbaycana xüsusi nümayəndə heyəti gələcəkdir. Təşkilatın xətti ilə respublikamıza quraşdırma xəstəxana və külli miqdarda dava-dərman gətiriləcəkdir.
Beynəlxalq təşkilatın Azərbaycan üçün gördüyü işləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti demişdir ki, qardaş İslam ölkələrinin köməyinə respublikamızın böyük ehtiyacı var. Biz inanırıq ki, Səudiyyə Ərəbistanı ilə dostluq əlaqələrimizin qurulması bu problemin həllinə öz müsbət təsirini göstərəcəkdir.
Heydər Əliyev qonşu İran İslam Respublikasının Azərbaycanda on minlərlə qaçqın ailəsini himayəyə götürməsindən razılıq etmiş və əmin olduğunu bildirmişdir ki, Beynəlxalq İslam Nicat Təşkilatı da azərbaycanlı qaçqınlara diqqət və qayğını daha da artıracaqdır.
İki müqəddəs şəhərə - Məkkəyə və Mədinəyə səfərini mühüm hadisə hesab edən Azərbaycan Prezidenti İslamın bu müqəddəs yerlərinə ziyarətini özü üçün böyük xoşbəxtlik kimi qiymətləndirmişdir.
Görüşdə bu beynəlxalq xeyriyyə təşkilatı ilə əlaqələrin daha da möhkəmləndirilməsi ilə əlaqədar bir sıra konkret məsələlər nəzərdən keçirilmiş və razılıqlar əldə olunmuşdur.
Görüşdə dövlət müşaviri Vəfa Quluzadə, respublika Baş nazirinin müavini Əsgər Məmmədov və digər rəsmi şəxslər iştirak etmişlər.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri