BƏZİ QANUNLARA VƏ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sentyabrın 10-da keçirilmiş iclasında komissiyanın 2008-ci il payız sessiyasının qanunvericilik işləri planı və bəzi qanun layihələri müzakirə olunmuşdur.
Komissiya sədrinin müavini Eldar Quliyev demişdir ki, payız sessiyası dövründə komissiyada ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi və bu sahə ilə əlaqədar qanunvericilik bazasının daha da təkmilləşdirilməsi məqsədilə bir sıra vacib qanunların hazırlanması nəzərdə tutulmuşdur. Bununla yanaşı, bəzi qanunvericilik aktlarında da müəyyən dəyişikliklər ediləcəkdir.
Sonra “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” qanunlara təklif olunan əlavə və dəyişikliklərə baxılmışdır. Bildirilmişdir ki, bəzi rayon və qəsəbələrə şəhər statusu verildiyi və bəzilərinin adlarının dəyişdirildiyi üçün adları çəkilən qanunlara da redaktə xarakterli bir sıra dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Deputatlar qanunlara təklif olunan dəyişiklikləri müsbət qiymətləndirmişlər.
Daha sonra “Torpaq islahatı haqqında” qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” qanun layihəsi müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, bu dəyişikliklərdə əhalinin istifadəsində olan dənizkənarı bağ torpaqlarının özəlləşdirilməsi qaydaları sadələşdirilmişdir.
Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunmuşdur.