Biləsuvar rayonunda “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib
Bakı, 19 noyabr, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici görüş təşkil edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Biləsuvar Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nəsib Məmmədov çıxış edərək narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışıb.
Qeyd edib ki, 2021-ci ilin əvvəlindən bu günədək rayon polis şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 116 fakt aşkarlayıblar. Ümumilikdə 100 kiloqramdan çox narkotik vasitə, psixotrop və güclü təsir edən maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Diqqətə çatdırılıb ki, bu gün polis əməkdaşları, eyni zamanda, maarifləndirmə tədbirlərinə böyük önəm verməklə yeniyetmə və gənclərin gələcəkdə ağ ölümün pəncəsinə düşməməsi üçün səylərini davam etdirir. Gələcəyin qurucuları olan məktəbli və tələbələr bu məsələdə daha həssas olmalı, zərərli vərdişlərə meyil etməməlidirlər.
Sonra çıxış edən Biləsuvar rayon prokuroru Camal Bağırov, rayon təhsil şöbəsinin müdiri Aqşin Bağırov, rayon gənclər və idman idarəsinin rəisi Azad Quliyev və digərləri narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclər üçün təşkil olunan belə görüşlərin əhəmiyyətini qeyd ediblər.