Biləsuvarda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 16 aprel, AZƏRTAC
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 30 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Musa Bayramzadə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılıb. Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı oradan 19 kiloqram 400 qram heroin, 6 kiloqram 315 qram qurudulmuş marixuana , 4 kiloqram 25 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.