Biləsuvarda taxıl biçiminə başlanılıb
Biləsuvar, 27 may, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda fərdi fermer təsərrüfatlarında taxıl biçiminə başlanılıb və ilk iş günündə 21 hektar sahənin məhsulu yığılıb. Hər hektarın məhsuldarlığı orta hesabla 34 sentner olub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2020-ci ilin payızında cari ilin məhsulu üçün rayonda 16 min 860 hektar sahədə taxıl əkilib. Bunun 11 min 152 hektarı arpa, 5 min 708 hektarı isə buğdadır.
Ötən il hər hektar taxıl sahəsindən 39,6 sentner məhsul götürən torpaq mülkiyyətçiləri bu il bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstərib, bitki lazımi gübrələrlə təmin olunub və digər zəruri tədbirlər həyata keçirilib. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib.
Ötən gün zəmilərdə yetişmiş məhsulun yığımına başlanılıb. Biçin ilk olaraq arpa sahələrində aparılır. Rayonda yığım kampaniyasını vaxtında başa çatdırmaq üçün bütün qüvvələr səfərbər olunub, diqqət məhsulun itkisiz yığılmasına yönəldilib.
Bu məqsədlə sahələrə 61-ə yaxın kombayn çıxarılıb, məhsulun daşınması və digər işlərin həlli üçün 250-dən çox maşın və mexanizm işə cəlb olunub. Mütəxəssislər fikrincə, bu il rayonda təxminən 70 min ton məhsul istehsal etmək mümkün olacaq.
Qeyd edək ki, ötən il rayonda zəmilərdən 66 min 532,3 ton taxıl yığılıb və hər hektarın məhsuldarlığı 39,6 sentner olub.