BİLƏSUVARIN SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏRİ YAXŞILAŞMIŞDIR
Biləsuvar, 29 aprel (AZƏRTAC). Biləsuvar Rayon İcra Hakimiyyətində geniş şura iclası keçirilmişdir.
Yığıncaqda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov bildirmişdir ki, 2009-cu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 2,8 milyon manat və ya 93,4 faiz yerinə yetirilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 456 min manat və ya 20,2 faiz çoxdur. Yerli xərclər 1,7 milyon manat və ya 91,6 faiz icra edilmişdir. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artıqdır.
Bildirilmişdir ki, rayon iqtisadiyyatının müxtəlif sahələrində məşğul olanların sayı 40,9 min nəfər, o cümlədən dövlət sektorunda 5,2 min nəfər və qeyri-dövlət sektorunda 35,7 min nəfər olmuşdur. Hər bir işçinin orta aylıq əmək haqqı 169,5 manat təşkil etmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz çoxdur. Əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz, gəlirlərin adambaşına düşən həcmi 14 faiz artmışdır.
İclasda qeyd edilmişdir ki, ki, "Biləsuvar Aqro" MMC-nin fəaliyyətə başlaması nəticəsində sənaye məhsulunun ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə artmışdır. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun payı 381,9 min manat olduğu halda, qeyri-dövlət sektorunun payı 766,1 min manat təşkil etmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 dəfə çoxdur. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 19,8 milyon manat və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz çox olmuşdur. Əhaliyə 4,2 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrünə nisbətən 64,3 faiz çox pullu xidmət göstərilmişdir.
Nəzərə çatdırılmışdır ki, üç ayda Qarabağ əlilləri və şəhid ailələri üçün 2 mərtəbəli, 16 mənzilli binanın, Biləsuvar Gömrük Buraxılış Məntəqəsində yük terminalının, 50 çarpayılıq uşaq xəstəxanasının, yanğından mühafizə bölməsi və rayon prokurorluğu üçün yeni inzibati binaların tikintisi davam etdirilmiş, 6 kənddə modul tipli sutəmizləyici qurğular istifadəyə verilmişdir.
Məruzə ətrafında geniş müzakirələr aparılmışdır. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini tamamilə dəstəklədiklərini vurğulamış, qarşıya qoyulan yeni vəzifələrin də layiqincə yerinə yetiriləcəyini söyləmişlər.