Bilet-uçot vərəqi olmayanlar sərnişin daşımalarını həyata keçirə bilməyəcəklər
Bakı, 12 iyun, AZƏRTAC
Bilet-uçot vərəqi olmadan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişindaşımalarının həyata keçirilməsinə yol verilmir. Həmçinin formulyarı doldurmadan qeyri-müntəzəm sərnişin daşınmasına da imkan verilməyəcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.
“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə əsasən şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarında bilet-uçot vərəqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən elektron qaydada doldurulur.
Sərnişin və ya yük daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində elektron qaydada doldurulan elektron yol vərəqəsi ilə rəsmiləşdirilir.
Sənədə əsasən, qeyri-müntəzəm sərnişin daşınması (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar vasitəsilə rəsmiləşdirilir. Formulyarın formasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Formulyarı doldurmadan qeyri-müntəzəm sərnişin daşınmasının həyata keçirilməsinə yol verilmir.
Taksi minik avtomobilləri ilə sərnişin daşımaları taksometrin göstəriciləri və ya taksi sifarişi xidmətinə qoşulduqda, taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymət üzrə ödəniş əsasında, müvafiq buraxılış vəsiqəsi və buraxılış kartı olan daşıyıcılar tərəfindən yerinə yetirilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi olmadan və ya digər şəxslərə məxsus buraxılış vəsiqəsi əsasında taksi minik avtomobilləri ilə sərnişin daşımalarının yerinə yetirilməsi, habelə buraxılış kartı olmayan nəqliyyat vasitələrinin sərnişindaşımada istismar edilməsi, həmçinin taksometrin göstəriciləri və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi qadağandır.