Bilik Fondu Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirib
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil olunub.
Tədbirlərdə fondun icraçı direktoru Oqtay Səmədov gənc nəslə Yanvar hadisələri barədə geniş məlumat verməklə yanaşı, ölkəmizdə təhsil alan xarici vətəndaşlara da Azərbaycanın müstəqillik mücadiləsi yolundan və bu yolda verilən qurbanlardan, bütövlükdə Azərbaycan həqiqətlərindən danışmağın vacibliyini vurğulayıb.
Azərbaycan Universitetində keçirilən tədbirdə “20 Yanvar - müstəqilliyimizin bərpasına gedən yol” mövzusunda məruzə ilə çıxış edən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev bildirib ki, 1990-cı il yanvar ayının 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirən tədbirdə fondun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov, bu ali təhsil ocağının prorektoru, dosent Ata Babayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli əcnəbi tələbələrə xalqımızın milli azadlıq hərəkatı, həmin dövrün siyasi vəziyyəti haqqında məlumat veriblər. Diqqətə çatdırılıb ki, 1990-cı il yanvarın 20-də milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın silahlı təcavüz nəticəsində qətlə yetirildiyi bildirilib.
Həmçinin Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “20 Yanvar müstəqillik yolunun başlanğıcı” adlı mühazirəsi təşkil olunub.
Tədbirdə fondun “Gənc jurnalistlər” Klubunun, “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Bakı Humanitar Kollecin (BHK) tələbələri və Yasamal məktəbliləri iştirak ediblər.
Ümumxalq Hüzn Günü ilə əlaqədar fondun mühazirəçisi, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva Suraxanı rayonundakı 232 nömrəli tam orta məktəbin, informasiya təminatı sektorunun müdiri, dosent Xatirə Hüseynova Bakı Humanitar Kollecin müəllim və şagirdləri ilə görüşüblər.
Fondun mətbuat katibi Ceyhun Musaoğlunun Masallı rayon Heydər Əliyev Mərkəzində, Astara Pedaqoji Kollecində, Lənkəran Dövlət Universitetində “1990-cı il 20 Yanvar hadisələri Azərbaycan mətbuatında” mövzusunda mühazirələri təşkil olunub.
Bilik Fondunun Astara Bilik Evi və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Astara şəhər 2 nömrəli tam orta məktəbində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə mərkəzin bələdçisi Cəmalə Məmmədovanın açıq dərsi təşkil olunub.
Faciənin ildönümü ərəfəsində Bilik Fondunun yerli nümayəndələrinin təşkilatçılığı ilə Qax, Oğuz, Şəmkir, Nardaran, Astara, İsmayıllı, Qarabağ, Ağdaş, Ağstafa bilik evlərində məktəblilərin, yerli ziyalıların iştirakı ilə toplantılar keçirilib. “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı olan şagirdlərdə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi dərslər aparılıb, sinif divar qəzetləri 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilib. Həmçinin tariximizin bu şanlı səhifəsini əks etdirən guşələr hazırlanıb, şagirdlərin əl işləri və rəsmlərindən ibarət sərgilər təşkil olunub.