Binəqədi Gənclər evi “Könüllülük Akademiyası 3” layihəsinin bağlanışı olub
Bakı, 25 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycanda 2020-ci ili “Könüllülər ili” elan etməsi Binəqədi Gənclər evi üçün də mühüm bir hadisə olub. Təşkilat öz könüllülərinə dəyərin, fəallığın, gəncliyin sirlərini öyrətmək və asudə vaxtlarını düzgün qiymətləndirmək üçün “Könüllülük Akademiyası 3” layihəsinə start verib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, üç ay (aprel, may, iyun) müddətində davam edən layihədə seçilmiş gənclər onlayn formatda təlim və vebinarlara qoşulub, təcrübə qazanıblar.
İyulun 24-də layihənin onlayn formatda bağlanış mərasimi keçirilib.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə iyulun 12-də Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş̧ şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən layihənin əlaqələndiricisi Hüseyn Qənbərov onun mahiyyəti və nəticələri haqqında iştirakçılara məlumat verib.
Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini Şəmsi Gülverdiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəvanə Həşimova və Binəqədi Gənclər evinin direktoru Ələkbər Mustafayev çıxış edərək mövcud pandemiya dövründə həyata keçirilmiş layihənin məzunlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Prezident İlham Əliyevin “Könüllülər ili” çərçivəsində müvafiq tapşırıqlarına uyğun olaraq, Binəqədi Gənclər evinin gənclərin inkişafı üçün layihələr həyata keçirməyə davam edəcəyi diqqətə çatdırılıb.
Sonra məzunlar öz təəssüratlarını bölüşərək, layihə müddətində əməyi keçmiş insanlara minnətdarlıqlarını çatdırıblar.
Ümumilikdə 70-dən çox gəncin iştirak etdiyi bağlanış mərasimində “Könüllülük Akademiyası 1-2” məzunları da gəncləri təbrik edib, onlara uğurlar diləyiblər.
Sonda “Könüllülük Akademiyası 3” (Gənc Liderlərimiz) layihəsini uğurla başa vurmuş gənclərə sertifikatlar təqdim edilib.