Binəqədidə valideynlərlə maarifləndirici görüş keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Bakıdakı 283 nömrəli tam orta məktəbdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə uyğun olaraq valideynlər üçün maarifləndirici görüş keçirilib.
İşçi Qrupundan AZƏRTAC-a verilən məlumata görə, görüşün əsas məqsədi narkotik asılılığının qarşısının alınmasında ailələrin rolunun artırılması, valideyn məsuliyyətinin gücləndirilməsi və bu sahədə məlumatlılığın yüksəldilməsi olub.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Bakı Narkoloji Mərkəzinin nümayəndəsi və digər mütəxəssislər çıxış edərək, narkotik asılılığının cəmiyyət üçün yaratdığı təhlükələrdən, ailənin profilaktikada, risklərin erkən aşkarlanmasında, eləcə də müalicə və reabilitasiya prosesində oynadığı mühüm roldan danışıb, valideyn nəzarətinin əhəmiyyəti və uşaqların təhlükəsiz mühitdə böyüməsinə təsir edən amillər barədə geniş məlumat təqdim ediblər.
Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və ailələrin bu sahədə maarifləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.