“Bir elin manifesti” adlı birinci ümumrespublika hekayə müsabiqəsi ilə əlaqədar mətbuat konfransı keçirilib






Bakı, 14 fevral, AZƏRTAC
Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş "Bir elin manifesti” adlı birinci ümumrespublika hekayə müsabiqəsinə start verilməsi ilə əlaqədar fevralın 14-də Qərbi Azərbaycan İcmasında mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycanla bağlı aparılan işlərin həm daxildə, həm də xaricdə geniş vüsət aldığını bildirib.
İcma sədri Qərbi Azərbaycanda soydaşlarımızın başlarına gətirilən müsibətlər, dağıdılan maddi-mədəni irsimiz, geri qayıdış hüququ ilə bağlı məsələlərin geniş yayılması istiqamətində aparılan işlərə dəstək məqsədilə bu müsabiqənin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, Qərbi Azərbaycana dair yazılacaq hekayələrin hər birinin özündə soydaşlarımızın ağrı-acısını daşıyacağını vurğulayıb.
İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı, müsabiqənin ideya müəllifi Məlahət İbrahimqızı bildirib ki, “Bir elin manifesti” mövzusunda hekayə müsabiqəsi Qərbi Azərbaycanla bağlı məlumatların yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına dəstək məqsədilə İcmanın Qadınlar Şurası tərəfindən təklif olunub. O qeyd edib ki, mövzu üzrə yazılacaq hekayələrin motiv və süjetləri Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən cinayətlər, deportasiya, etnik təmizləmələr və onların yaddaşlarında qalan Vətən, yurd xatirələri olmalıdır.
Məlahət İbrahimqızı vurğulayıb ki, müsabiqənin yekun nəticələrinin dekabrın son ongünlüyündə açıqlanması nəzərdə tutulur. Müsabiqənin təşkilatçısı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, tərəfdaşları isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat” qəzeti və “Modern.az” İnformasiya Agentliyidir.
"Müsabiqənin şərtlərinə əsasən, hekayələrin təqdim olunmasının son tarixi 2025-ci il avqustun 15-dir. Bu müsabiqədə yaşı 18-dən yuxarı olan şəxslər iştirak edə bilərlər. Təqdim edilən hekayə heç bir mətbuat orqanında çap olunmamış olmalıdır. Müsabiqəyə təqdim olunan əsərlər bu il avqustun 15-dən sonra hekayə janrı üzrə tanınmış ekspertlər tərəfindən yoxlanılacaq, nəticələr təşkilatçılara təqdim ediləcək. Müsabiqə nəticəsində 10 hekayənin müəllifi müsabiqənin qalibi elan olunacaq və onlara pul mükafatı təqdim olunacaq", - deyə M.İbrahimqızı vurğulayıb.
Qeyd edək ki, birinci yer üzrə 1 nəfər - 2000 manat, ikinci yer üzrə 2 nəfər - 1500 manat, üçüncü yer üzrə 3 nəfər - 1000 manat olaraq müəyyənləşdirilməklə daha 4 nəfərə 500 manat məbləğində həvəsləndirici mükafat veriləcək. Müsabiqənin qalibi olacaq hekayələr ingilis dilinə də tərcümə edilərək nəşr olunacaq.
Hekayələr “Bir elin manifesti” başlığı altında [email protected] ünvanına e-poçt vasitəsilə göndərilməlidir.
Müsabiqə ilə bağlı digər şərtlərlə bu linkdə tanış olmaq mümkündür.