BİR NÖMRƏLİ HAZIRLIQ
Müxtəlif ölkələri təmsil edən 50-dən çox idmançı, o cümlədən üç həmvətənimiz bir həftə ərzində tək və qoşa yarışlarda fəxri mükafatlar uğrunda mübarizə aparacaqlar. Yarışların baş hakimi idman ustası, beynəlxalq dərəcəli hakim Sankt-peterburqlu Valeri Lutkov olacaqdır. O, 30-dan çox ölkədə keçirilən yarışlara, o cümlədən “Böyük dəbilqə” uğrunda 12 turnirə hakimlik etmişdir.
V.Lutkov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Bakı turniri və hakimlər üçün seminar Beynəlxalq və Avropa tennis assosiasiyalarının layihəsidir. Maraqlıdır ki, turnirin oyunlarını üçgünlük seminarda nəzəri və praktik hazırlıq keçərək birinci dərəcəli hakim sertifikatını almış yerli hakimlər idarə edəcəklər. Seminarın yekunlarına görə, sertifikatlar 8 nəfərə təqdim olunmuşdur. Bu, beynəlxalq səviyyəli hakim adını almış ilk Azərbaycan mütəxəssisləri qrupudur.
V.Lutkov Azərbaycan Tennis Federasiyasının apardığı hazırlıq işlərini yüksək qiymətləndirmiş və ümidvar olduğunu bildirmişdir ki, turnir ənənəvi olacaqdır. O demişdir: “Mən Bakıya – idmanın bu növünün sevildiyi və qayğı göstərildiyi şəhərə ilk dəfə gəlmişəm. Azərbaycanın gözəl ənənələri barədə çox eşitmişəm və əminəm ki, onlar respublika tennisçilərinin indiki nəsli tərəfindən şərəflə davam etdiriləcək və artırılacaqdır”.