Bir qrup şəhid xanımı üçün yeni sosial layihəyə başlanılıb
Bakı, 23 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzinin dəstəyi ilə 30 nəfər şəhid xanımı üçün “Qrup və art-terapiya seanslarının təşkili” layihəsinə başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə şəhid qəhrəmanlarımızın xanımlarına psixoloji dəstək, onların üzləşdikləri sarsıntıların aradan qaldırılmasına, özünəinam hissinin artırılmasına və yeni bacarıqlar qazanmasına yardım göstərmək məqsədi daşıyır.
Layihə çərçivəsində onların 3 qrup üzrə, ümumilikdə 24 seans terapiyalarda iştirakı, habelə iştirakçılara pozitiv nümunə üçün uğurlu iş qadınının da qonaq qismində onlarla görüşünün təşkili nəzərdə tutulub.
Qrup terapiyası seansları zamanı şəhid xanımları səmimi bir ortam şəraitində fikir və düşüncələrini, qayğı və təcrübələrini bir-biriləri ilə bölüşürlər.
Eyni zamanda, art-terapiya onların asudə vaxtlarını səmərəli keçirməyə, özlərini rahat şəkildə ifadə etməyə və yaradıcı sahədə bacarıqlarını ortaya çıxarmağa şərait yaradır.