BİR QRUP TƏLƏBƏNİN ACLIQ AKSİYASINA BAŞLAMASI BUTUN İCTİMAİYYƏTİN VƏ GƏNCLƏRİN NARAHATLIĞINA SƏBƏB OLMUŞDUR
Son günlər təhsil hüquqlarının pozulduğunu iddia edən bir qrup tələbənin aclıq aksiyasına başlaması, icazəsiz etiraz tədbirlərinin keçirilməsinə cəhd göstərilməsi bütün ictimaiyyət, o cümlədən gənclər tərəfindən narahatlıqla qarşılanmış, bununla əlaqədar aidiyyətı orqanlara, eləcə də Gənclər, İdman və Turizm Nazirliyinə çoxsaylı müraciətlər daxil olmuşdur. Müraciətlərdə bu hadisələrin müxalif mövqeli bəzi kütləvi informasiya vasitələri tərəfindən siyasiləşdirilərək ictimaiyyətə təqdim edilməsi, Azərbaycan naminə çalışmaq əvəzinə, öz şəxsi mənafelərini daha üstün tutan bəzi insan hüquq müdafiəçilərinin bu faktdan Azərbaycan əleyhinə istifadə etmələri təəssüflə qeyd olunur, təhsil müəssisələri və tələbələr arasında yaranmış anlaşılmazlıqların araşdırılması və ədalətli həllinin zəruriliyi vurğulanır.
Gənclər siyasətini həyata keçirən dövlət orqanı kimi Gənclər, İdman və Turizm Nazirliyi çoxsaylı müraciətlərə cavab olaraq bəyan edir ki, demokratik, hüquqi dövlət quruculuğu yolu tutan, ümumbəşəri və milli-mənəvi dəyərlərin bərqərar olunduğu müstəqil Azərbaycan Respublikasında insanların, o cümlədən gənclərin siyasi baxışları onların təhsil hüquqlarının pozulmasına əsas olmamalıdır.
Nazirlik eyni zamanda, siyasi baxışlarına görə oxuduqları ali məktəblərdən xaric olunduqlarını iddia edən və buna qarşı qeyri-demokratik üsullara əl atan gənclərə bildirir ki, təhsil aldıqları ali məktəblərin daxili nizam-intizam qaydalarına əməl etmək, davamlı olaraq dərslərdə iştirak etmək, akademik borcları vaxtında ödəmək hər bir tələbənin borcudur və bunlara əməl etməyənlərin ali məktəbdən xaric edilməsi də siyasiləşdirilməməlidir.
Gənclər, İdman və Turizm Nazirliyi baş vermiş hadisələri bir daha pisləyərək, tələbə gəncləri bu aksiyanı dayandırmağa və aidiyyətı dövlət orqanlarını, ali təhsil müəssisələrinin rəhbərlərini ictimaiyyətin və gənclərin narahatlığına səbəb olmuş bu problemin ədalətli həlli yollarını bir daha ətraflı müzakirə etməyə çağırır.