Bir sıra ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Bakı, 9 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Niderlandın Cənubi Hollandiya əyalətində süngərvari ensefalopatiya, İordaniyanın Zarqa əyalətində, İraqın Bəsrə, Nəcəf, Dəhuk, Ərbil, Bağdad, Diyalə və Süleymaniyyə əyalətlərində dabaq, İsveçın Blekinqe əyalətində Nyukasl, Rumıniyanın Braşov inzibati ərazi vahidində, Almaniyanın Saksoniya-Anhalt vilayətində, Boliviyanın Koçabamba inzibati ərazi vahidində, Türkiyənin Afyonqarahisar vilayətində, Amerika Birləşmiş Ştatlarının Virciniya və Texas ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Niderlandın Cənubi Hollandiya əyalətindən bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olunan yemlərin idxalına, İordaniyanın Zarqa əyalətindən, İraqın Bəsrə, Nacaf, Dəhuk, Ərbil, Bağdad, Diyalə və Süleymaniyyə əyalətlərindən diri heyvanların, heyvan mənşəIi məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, İsveçin Blekinqe əyalətindən, Rumıniyanın Braşov və Boliviyanın Koçabamba inzibati ərazi vahidlərindən, Almaniyanın Saksoniya-Anhalt və Türkiyənin Afyonqarahisar vilayətlərindən, Amerika BirIəşmiş Ştatlarının Virciniya və Texas ştatlarından WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş əti və hər növ quşçuluq məhsulları (Nyukasl viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.