BİRİNCİ AZƏRBAYCAN-YUNANISTAN BİZNES FORUMU AÇILMIŞDIR
Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev iştirakçıları salamlayaraq, forumun Yunanıstan Prezidenti Konstantinos Stefanopulosun ölkəmizə rəsmi səfəri çərçivəsində keçirildiyini bildirmişdir. Nazir hər iki ölkənin iş adamlarının iştirakı ilə təşkil olunmuş forumun qarşılıqlı iqtisadi əlaqələrin daha da genişlənməsinə müsbət təsir edəcəyinə ümidvar olduğunu söyləmişdir.
Fərhad Əliyev Azərbaycanda mövcud olan biznes mühiti haqqında yunanıstanlı iş adamlarına məlumat vermişdir. Müstəqilliyin ilk illərində respublikamızın çox çətin sosial-iqtisadi vəziyyətlə qarşılaşdığını xatırladan nazir demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatı inkişaf mərhələsinə qədəm qoymuş, iş adamları üçün lazımi şərait yaradılmışdır. Azərbaycanda ümumi daxili məhsul hər il əvvəlki illərlə müqayisədə ən azı 8-10 faiz artır. Biznes üçün vacib amil sayılan maliyyə sabitliyi qənaətbəxşdir. Adambaşına götürdükdə, Azərbaycan MDB məkanında ən az xarici borcu olan ölkədir. Xarici iş adamları üçün hər cür şərait yaradılmışdır. Əcnəbi iş adamları Azərbaycanda fəaliyyət göstərərək əldə etdikləri gəliri heç bir məhdudiyyət olmadan kənara çıxara bilirlər.
Nazir bildirmişdir ki, Azərbaycanda iri neft-qaz layihələri həyata keçirilir. Bu, həm Azərbaycanda iqtisadiyyatın digər sahələrinin inkişafına, həm də bütövlükdə regionun inkişafına böyük təsir göstərir.
Azərbaycan iqtisadiyyatına indiyədək 17 milyard ABŞ dolları həcmində sərmayə qoyulduğunu xatırladan Fərhad Əliyev ilin sonunadək həmin rəqəmin 20 milyardı ötüb keçəcəyini vurğulamışdır. Eyni zamanda, nazir Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı ilə qeyri-neft sektorunda 600 min əlavə iş yerləri yaradılmasının nəzərdə tutulduğunu bildirmişdir.
Fərhad Əliyev daha sonra Yunanıstan şirkətlərinin ölkəmizin qeyri-neft sektoruna marağını müsbət qiymətləndirərək demişdir ki, Prezident Konstantinos Stefanopulosun səfəri çərçivəsində imzalanan sazişlər iki ölkə arasındakı əlaqələrin inkişafına təsirini göstərəcəkdir.
Yunanıstan xarici işlər nazirinin müavini Yevripidis Stilianidis öz çıxışında demişdir ki, son illər iki ölkə arasında yaranmış əlaqələr iqtisadi əməkdaşlığı genişləndirmək üçün lazımi imkanlar açmışdır. Qonaq bu forumun ilk dəfə keçirilməsinə baxmayaraq, onun yüksək səviyyədə təşkil edilməsindən məmnun olduğunu bildirmişdir. Yunanıstan nümayəndə heyətinin və iş adamlarının Azərbaycana marağının əsas məqsədini açıqlayan qonaq bunu, ilk növbədə, respublikamızdakı mövcud olan siyasi və iqtisadi sabitliklə əlaqələndirmişdir. O, Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərin digər ölkələrdə iş təcrübəsini vurğulayaraq, onların respublikamızda da gözəl nəticələr əldə edəcəyinə ümidvar olduğunu söyləmişdir. O demişdir ki, tikinti, ticarət, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən bu şirkətlər Yunanıstanda və ümumən Avropada məşhurdur.
İmzalanmış sazişlərin iki tərəf arasındakı iqtisadi əməkdaşlığın artıq qanun çərçivəsində genişləndirilməsinə təminat yaradacağını vurğulayan qonaq bildirmişdir ki, bu əlaqələr qarşılıqlı maraq zəminində inkişaf edəcəkdir.
Sonra Azərbaycan və Yunanıstanın iş adamlarının işgüzar danışıqları olmuşdur.
Forum iyunun 22-də öz işini davam etdirəcəkdir.