Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş ukraynalı pilotun yubileyi qeyd edilib
Kiyev, 31 may, AZƏRTAC
Azərbaycanın müstəqilliyinin ilk illərində milli hərbi aviasiya kadrlarının formalaşmasında fəal iştirak edən, Birinci Qarabağ müharibəsinin iştirakçısı, keçmiş SSRİ Hərbi Hava Qüvvələrinin (HHQ) ukraynalı hərbi pilotu, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryovun 60 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Kiyevdə təşkil olunan yubiley tədbirində səfirliyin hərbi attaşesi, polkovnik İlqar Ağayev, onun baş köməkçisi polkovnik-leytenant Emil Allahverdiyev, ukraynalı pilot Aleksey Şvaryov, pilotun ailə üzvləri və yaxınları iştirak edib. Tədbirdə çıxış edən İlqar Ağayev ukraynalı hərbi pilotun Azərbaycan uğrunda xidmətlərini xatırladaraq, bir daha ona minnətdarlığını bildirib, azərbaycanlılar adından təbriklərini çatdırıb.
Sonra səfir Elmira Axundovanın adından hərbi pilota ünvanlanan Fəxri fərman ona təqdim edilib.
A.Şvalyov bildirib ki, hərbi fəaliyyəti dövründə Birinci Qarabağ müharibəsi onun üçün xüsusi əhəmiyyət kəsb edir. O, 30 ildən sonra Azərbaycan Ordusunu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğala son qoyması münasibətilə təbrik edərək, bu sevinci bölüşdüyünü bildirib.
Qeyd edək ki, Şvalyov1982-ci ildə hərbi aviasiya məktəbini bitirdikdən sonra bir çox ölkələrdə, o cümlədən Əfqanıstan, Özbəkistan və Tacikistanda xidmət edib. 1989-cu ildə döyüş helikopterlərinin peşəkar pilotu kimi Azərbaycanda hərbi xidmətini davam etdirib. 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan Milli Ordusu sıralarında xidmət edib. 1992-ci ilin əvvəlindən başlayaraq cəbhə bölgəsində bir neçə əməliyyat uçuşları həyata keçirib. Həmin ilin mayında isə ekipaj üzvü Rafael Şirinovla birlikdə Ağdamın Abdal-Gülablı istiqamətində erməni mövqelərinə hücum edən vaxt onların helikopteri vurulub. R.Şirinov helikopterdən tullansa da, A.Şvaryov ermənilərə əsir düşüb. Təxminən üç saat erməni əsirliyində qalsa da, Azərbaycanın xüsusi təyinatlılarının əməliyyatı zamanı əsirlikdən azad olunub. O 1992-1994-cü illərdə Qarabağ döyüşlərində bilavasitə iştirak etmiş ehtiyatda olan polkovnik-leytenantdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev