İQTİSADİYYAT
Birinci rübdə dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlar təmin olunub
Bakı, 28 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası səbəbindən ölkədə tətbiq olunmuş sərt karantin rejiminin qismən yumşaldılması, biznesin fəaliyyətini tədricən bərpa etməsi, həmçinin vergitutma bazasına effektiv nəzarətin tətbiqi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi uçotunun düzgün qurulması istiqamətində 2021-ci ilin birinci rübündə aparılan tədbirlər nəticəsində dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlar təmin olunub.
Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, cari ilin ilk rübündə qeydiyyata alınmış vergiödəyicilərinin sayının, o cümlədən aktiv ödəyicilərin, habelə aktiv ƏDV ödəyicilərinin, qeydə alınmış obyektlərin (təsərrüfat subyektlərinin) sayının artması, qeyri-dövlət sektorunda əmək müqaviləsi bağlanmış muzdlu işçilərin sayında və əməkhaqqı fondunda, eləcə də iqtisadiyyatın ayrı-ayrı sektorlarında dövriyyələrin artımı vergi daxilolmalarına müsbət təsir edib.
Dövriyyələrin şəffaflaşdırılması sahəsində aparılan işlər, gəlirlərin bəyanetmə səviyyəsinin və könüllü bəyanetmənin əhəmiyyətli dərəcədə qalxması, vergi inzibatçılığında həyata keçirilən islahatlar, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən artım templəri həm tədiyyə növləri üzrə, həm də qeyri-neft-qaz sektorunun əksər sahələrində vergi daxilolmalarının artımına səbəb olub.