BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS ÖZ İŞİNİ BAŞA ÇATDIRMIŞDIR
Son iclasda AMEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik katibi, akademiyanın müxbir üzvü Ağamusa Axundov qeyd etmişdir ki, üç gün davam edən dörd iclasda 32 məruzə dinlənilmiş və müzakirə olunmuşdur. Bu məruzələrdə Birinci Türkoloji Qurultayda müzakirəyə çıxarılmış bütün problemlər: tarix, etnoqrafiya, ədəbiyyat, dil, əlifba, orfoqrafiya, terminologiya, incəsənət, ana dilinin tədrisi, linqvistika və s. əhatə olunmuş və müasir elmi səviyyədən dəyərləndirilmişdir. Məruzələrdə və çıxışlarda bir sıra elmi və təşkilati təkliflər irəli sürülmüş, türkoloq alimlərin ən yaxın vəzifələrinin müəyyənləşdirilməsinə səylər göstərilmişdir.
Ankaradan gəlmiş və türk dünyası dilçiliyinin görkəmli nümayəndələrindən biri olan Zeynep Korkmaz, Türkiyə Dil Qurumu və Atatürk Mərkəzinin rəhbəri Şükrü Haluk Akalın, filologiya elmləri doktoru, professor Nizami Xudiyev və başqaları Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamış, konfransla bağlı fikirlərini söyləmiş, təkliflərini bildirmişlər. Nizami Xudiyev terminologiyada vahidliyə nail olunmasının zəruriliyini qeyd etmişdir.
Elmi konfransın qətnaməsi qəbul olunmuşdur. Sənəddə iştirakçılar Birinci Türkoloji Qurultayın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam vermiş Azərbaycan Prezidenti İlham Əliyevə, həmin Sərəncam əsasında Beynəlxalq Elmi Konfrans təşkil etmiş Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinə təşəkkürlərini bildirmişlər. Müstəqil türk dövlətlərində Birinci Türkoloji Qurultayın qətnamələrinin yerinə yetirilməsi sahəsində çox böyük işlər görüldüyü nəzərə alınaraq tövsiyə olunmuşdur ki, konfrans iştirakçıları öz həmkarları ilə birlikdə bu işin daha da gücləndirilməsi və sona çatdırılmasında yaxından iştirak etsinlər.
80 il əvvəl keçirilmiş Birinci Türkoloji Qurultayın davamı kimi hər 5 ildən bir müstəqil türk dövlətlərindən birində konkret problemlərə həsr olunmuş türkoloji qurultay keçirilməsi qərara alınmışdır. İkinci Türkoloji Qurultayın 2010-cu ildə Türkiyədə keçirilməsi yekdilliklə tövsiyə edilmişdir.
Həmin gün konfransın iştirakçıları H.Əliyev adına Sarayda xalq şairi Səməd Vurğunun 100 illik yubileyinə həsr olunmuş rəsmi yekun tədbirində iştirak etmişlər.