BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS ÖZ İŞİNİ DAVAM ETDİRİR
Xatırladaq ki, AMEA-nın və Təhsil Nazirliyinin birgə keçirdikləri tədbirdə Azərbaycan türkoloqları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Tatarıstan, Qaqauz Yeri, İran, Gürcüstan və Moskva alimləri iştirak edirlər.
AMEA-nın müxbir üzvü Afad Qurbanov “Birinci Türkoloji Qurultay və türk dillərinin təsnifi məsələsi”, Gürcüstandan Sisana Abuladze “Birinci Türkoloji Qurultay və Gürcüstanda türkoloji tədqiqatlar” (rus dilində) mövzularında məruzə etmişlər.
Müseyib Məmmədov qurultayın azərbaycanlı dilçi nümayəndəsi Abdulla Tağızadə haqqında danışmışdır. Məlumat vermişdir ki, Abdulla Tağızadə ölkəmizdə ilk dilçi alimlər nəslindəndir. Gəncə gimnaziyasını bitirmiş, bir müddət Moskva və Azərbaycan Dövlət universitetlərində oxumuş, sonra Leninqrad Şərq Dilləri İnstitutuna ezam olunmuşdur. Burada oxumaqla yanaşı, Leninqrad Dövlət Universitetinin dil və maddi mədəniyyət fakültəsində də təhsil almışdır. İkinci kurs tələbəsi ikən Birinci Türkoloji Qurultaya nümayəndə seçilmiş və burada Azərbaycan dili haqqında məruzə etmişdir. 1927-ci ildə Leninqrad Şərq Dilləri İnstitutunu bitirdikdən sonra onu aspiranturada saxlamışlar. Lakin respublika Maarif Komissarlığının tələbi ilə Bakıya gəlib ADU-da “Qədim türk dilləri” kursunu aparmışdır. 1928-1929-cu illərdən Ali Pedaqoji İnstitutda qədim türk dilləri - orxon və uyğur dilləri, türk dillərinin tarixi qrammatikası haqqında məruzələr oxumuş, “Dil haqqında elmin inkişaf tarixi” kursunu təşkil etmişdir.
Gənc alimin elmi fəaliyyətinin əsas hissələrindən biri Azərbaycanı Öyrənmə Cəmiyyətinin işi ilə bağlı olmuşdur. Cəmiyyətin idarə heyətinin və elmi şurasının üzvü seçilmişdir. 1922-ci ildən Yeni Türk Əlifba Komitəsi sədrinin müavini və təşkilat şöbəsinin müdiri işləmiş, 1928-ci ildə Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin “Kultura i pismennost Vostoka” jurnalının məsul katibi kimi fəaliyyət göstərmişdir. O, 1929-cu ilin oktyabr ayında Azərbaycan Elmi Tədqiqat İnstitutunun nəzdində dil-ədəbiyyat və sənət şöbəsini təşkil etmişdir.
İstedadlı alim 1930-cu ildə latın qrafikalı türk əlifbasına uyğun Azərbaycan dilinin orfoqrafiya normalarını müəyyənləşdirmiş və 100 min sözü əhatə edən orfoqrafiya lüğətini hazırlamışdır. Onun 1932-ci ilin yanvarında II Azərbaycan Orfoqrafiya Konfransındakı məruzəsində göstərdiyi prinsiplərə bu gün də əməl olunur.
A.Tağızadənin “Türk dilçiliyi və əski türk dilləri” publisist məqaləsi böyük milli iftixar hissi ilə yazılmışdır. Bu məqalədə türk xalqlarının mədəniyyət abidələrini toplayıb tədqiq etməyin zəruriliyi irəli sürülür, Azərbaycan dilçiliyi qarşısında vəzifələr qoyulur. A.Tağızadə Birinci Türkoloji Qurultayın başqa nümayəndələri kimi 1937-ci ildə “xalq düşməni” damğası ilə cismən məhv edilmişdir.
Sonra Tatarıstandan Mirfatıx Zakiyevin “Birinci Türkoloji Qurultay və tatar yazısının latına keçirilməsi”, Ankaradan Rasim Özyürekin “Ülkemizde və türk devlet ve topluluklarında terim meselesi”, Mehman Musaoğlunun “Türkoloji dilçilik: Birinci Türkoloji Qurultaydan öncə və sonra”, Şükrü Haluk Akalının “Bilişim çağı türkolojisində bilgisayar destekli dil bilimi çalışmaları”, Yusif Gediklinin “Bazı türk boy və takvilerinin köken və anlamlarına dair” məruzələri dinlənilib müzakirə olunmuşdur.
Konfransın üçüncü iclası Rəhilə Məhərrəmovanın “Birinci Türkoloji Qurultayda azərbaycanlıların iştirakı” məruzəsi ilə başlanmışdır. O, bildirmişdir ki, qurultayın çağırılmasına qədər müzakirə olunacaq əsas məsələlər- əlifba, imla, terminologiya ilə əlaqədar Azərbaycan dilçiliyində xeyli iş görülmüşdü. Bütün bunlar azərbaycanlıların qurultayda fəal iştirakını əsaslandırmışdır. Forumda 21 azərbaycanlı, o cümlədən “Bakinski raboçi” qəzetinin redaktoru Ruhulla Axundov, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının maliyyə naziri Mirzə Davud Hüseynov, “Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyev, Azərbaycan Dövlət Nəşriyyatının redaktoru Hənəfi Zeynallı, xalq maarif komissarı Mustafa Quliyev, onun müavini Cəlil Məmmədzadə, Şimali Qafqaz xalq maarif komissarı Cahangir Nağıyev, Gürcüstan xalq maarif komissarı Rzaqulu Nəcəfov, alimlər, müəllimlər iştirak etmişlər. Ayna Sultanova qurultayın yeganə qadın nümayəndəsi olmuşdur. Azərbaycanlı nümayəndələr məruzə və çıxışlarda fəallıqları ilə seçilmişlər.
Sonra Ankaradan Əflatun Nemətzadə, Bakıdan Afina Əlizadə, Sayalı Sadıqova, Gülarə Əmirova, Güllü Karanfil, Güllü Yoloğlu, Emin Kərimov, Naxçıvandan Sevindik Vəliyev, Əbülfəz Quliyev məruzə etmişlər. Məruzələrdə türk teatrının estetik problemləri, qurultayda müzakirə olunmuş orfoqrafiya, terminologiya, türk dillərinin tədqiqi, folklor, etnoqrafiya məsələlərinə diqqət yetirilmişdir.
Elmi konfrans öz işini mayın 25-də davam etdirəcəkdir.