“Birinci Zəfər İdman Festivalı”na start verildi: tələbələr 5 idman növü üzrə mübarizə aparacaqlar
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr - Zəfər Gününə həsr olunan “Birinci Zəfər İdman Festivalı”nın təntənəli açılış mərasimi keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra festivalda iştirak edən komandalar səhnəyə çıxaraq Olimpiya himninin sədaları altında təntənəli keçid ediblər.
Mərasimdə çıxış edən universitetin tədris işləri üzrə prorektoru professor Akif Qasımov xalqımızın artıq üçüncü ildir Azərbaycanın ən yeni tarixinin Zəfər salnaməsinin təntənəsini yaşadığını vurğulayıb: “Bu böyük Qələbə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti və peşəkarlığı sayəsində qazanılıb”.
Prorektor çıxışında dövlətimizin idmana olan diqqət və qayğısından da bəhs edib. O, tələbələrin sağlam ruhda yetişməsi, asudə vaxtının səmərəli təşkilində belə yarışların önəmini vurğulayıb və komandalara uğurlar arzulayıb.
Festivalda iştirak edən yunan-Roma güləşi üzrə dünya çempionu, üçqat Avropa çempionu Rafiq Hüseynov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təsisçisi və prezidenti Eldar İsmayılov, pəhləvan Vüsal Cavadov AzMİU rəhbərliyi adından fəxri diplomlarla təltif edilib.
Sonra Vüsal Cavadov cəngi sədaları altında öz pəhləvan fəndlərini, Azərbaycan Kapoeyra Federasiyasının üzvləri isə rəqs nömrələrini təqdim ediblər.
AzMİU-nun İdman Klubunun və Tələbə Həmkarlar İttifaq Komitəsinin təşkilatçılığı ilə 5 idman növü (basketbol, voleybol, yunan-Roma güləşi, sərbəst güləş və futzal) üzrə keçirilən festivalda universitetin bütün fakültələrindən və İnşaat Kollecindən tələbələr iştirak edəcəklər.
Festival basketbol yarışları ilə start götürüb.
Qeyd edək ki, AzMİU-da 1977-ci ildən Bədən tərbiyəsi və idman kafedrası yaradılıb və hazırda İdman Klubu olaraq fəaliyyətini davam etdirir. Klubun fəaliyyətinin mütəşəkkil təşkil olunması üçün universitetdə zəruri avadanlıq və geniş təlim-məşq toplanış sahələri ilə təmin olunmuş İdman Kompleksi yaradılıb. Klub tərəfindən hər il yunan-Roma güləşi, sərbəst güləş, cüdo, voleybol, stolüstü tennis, şahmat, həndbol, basketbol, dama, atletika, futbol, futzal və s. idman növləri üzrə müxtəlif çempionatlar keçirilir. AzMİU-nun yunan-Roma və sərbəst güləş üzrə komandası Azərbaycan universitetləri arasında yeganə komandadır ki, respublika birinciliyində iştirak edib.