BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Parlamentin sədri demişdir ki, eyni dinə, oxşar mədəniyyətə, adət-ənənəyə malik olan xalqlarımızın dostluq əlaqələri vardır. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və biz bu ölkə ilə münasibətlərin möhkəmlənməsinə böyük önəm veririk. Müxtəlif dövrlərdə dövlət, hökumət və parlament nümayəndələrinin səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrimizi daha da möhkəmləndirmişdir. Abu-Dabi İnkişaf Fondu Azərbaycanda bir sıra layihələrin maliyyələşdirilməsində yaxından iştirak edir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlılara humanitar yardım göstərir. Birləşmiş Ərəb Əmirlikləri parlamentinin üzvləri beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli mövqeyini həmişə müdafiə etmişdir və biz bunu yüksək qiymətləndiririk. Milli Məclis BƏƏ ilə əlaqələri genişləndirmək üçün dostluq qrupu yaratmışdır. Ümid edirik ki, BƏƏ parlamentində də belə bir qrup yaradılacaq və onlar çox sıx əməkdaşlıq edərək əlaqələrimizi daha da inkişaf etdirəcəklər.
Xalid Ğaim Məhəmməd əl-Ğeys Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə ölkəsinin parlament sədri və öz adından təbrik etmişdir. Diplomat BƏƏ-nin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirmiş və bunun üçün konkret işlər görüləcəyini vurğulamışdır. O demişdir ki, azərbaycanlı qaçqın-köçkünlərə humanitar yardım göstərilməsi təbiidir, qardaşın qardaşa qayğı və diqqətinin təzahürüdür. Bu yardımlar bundan sonra da davam etdiriləcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.