BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, aprelin 30-dək davam edəcək mədəniyyət günlərində xalq artisti Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət rəqs ansamblı, əməkdar incəsənət xadimi Teymur Göyçayevin rəhbərliyi ilə Dövlət kamera orkestri, həmçinin xalq artistləri Mələkxanım Əyyubova, Ağaxan Abdullayev, Qənirə Kərimova, əməkdar artistlər Əli Əsgərov, Həsən Enami, gənc vokalçılar Ülvi Qılınc, Natəvan İsmayılova, skripkaçı Ceyhun İsmayılov və digər sənətçilərimiz çıxış edəcəklər. Xalq artisti Məleykə Əsədova ərəb poeziyasından müxtəlif nümunələri səsləndirəcəkdir.
Mədəniyyət günləri çərçivəsində bu ölkənin tamaşaçıları Azərbaycan rəssamlarının əsərlərindən, xalçalarımızdan, qədim musiqi alətlərimizdən və milli geyimlərimizdən ibarət maraqlı sərgi ilə də tanış olacaqlar.
Səfər müddətində Polad Bülbüloğlunun BƏƏ-nin İnformasiya və mədəniyyət naziri Abdulla bin Zəyed al Nəhayan, ali təhsil və elm naziri Nəhayan bin Mübarək al Nəhayan və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulmuşdur. Rəsmi görüşdə Azərbaycan hökuməti ilə BƏƏ hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin imzalanacağı da gözlənilir.