Bişkek şəhərində Azərbaycanın inşa edəcəyi məktəbin təməli qoyulub
Bişkek, 24 dekabr, АZƏRTAC
Dekabrın 24-də Bişkek şəhərində Azərbaycan Respublikası tərəfindən inşa ediləcək 550 yerlik müasir tipli məktəb binasının təməlqoyma mərasimi keçirilib.
АZƏRTAC xəbər verir ki, tədbirdə Bişkek şəhərinin meri Əziz Surakmatov, vitse-meri Ulanbek Azıqaliyev, Joqorku Keneşin (parlamentin) deputatları, Bişkek şəhəri Oktyabr Rayon İcra başçısı Maksim Sitnikov, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, diasporumuzun nümayəndələri, şəhər sakinləri və KİV nümayəndələri iştirak ediblər.
Maksim Sitnikov təməlqoyma mərasimini açaraq məktəb tikintisinin sakinlər üçün böyük və mühüm hadisə olduğunu bildirib.
Bişkek şəhərinin meri Əziz Surakmatov çıxış edərək məktəbin Azərbaycan xalqının hədiyyəsi olduğunu, məktəbə ulu öndər Heydər Əliyevin adının veriləcəyini bildirib. Azərbaycan xalqına və Prezident İlham Əliyevə belə bir hədiyyə üçün təşəkkür edib. Tədbirin Prezident İlham Əliyevin doğum günündə baş tutmasının simvolik olduğunu vurğulayaraq şəhər əhalisi adından dövlətimizin başçısını təbrik edib, ona möhkəm cansağlığı və uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir.
Məktəbin layihəsinin ən müasir tələb və standartlar nəzərə alınmaqla hazırlandığını qeyd edən mer Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.
Səfir Hidayət Orucov məktəbinin təməlinin qoyulması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxuyub.
Bildirib ki, məktəbin tikiləcəyi ərazi müəyyənləşdiriləndə beş yer təqdim olunmuşdu, sonda Azərbaycan və Qırğızıstan prezidentləri binanın Oktyabr rayonunda tikilməsinə üstünlük verdilər. Çünki 30 min əhalisi olan mikrorayonda üç növbədə işləyən cəmi bir məktəb var.
Məktəbdə işləyəcək müəllimlərin, təhsil alacaq şagirdlərin və gələcək nəsillərin bu əlamətdar hadisəni xatırlayacağına əminliyini ifadə edən səfir vurğulayıb ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi Azərbaycan və Qırğızıstan Prezidentləri İlham Əliyevin və Sooronbay Jeenbekovun müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Əminik ki, ölkələrimiz arasındakı münasibətlər liderlərimizin rəhbərliyi ilə genişlənəcək və möhkəmlənəcək.
İctimaiyyət adından çıxış edən istefada olan polkovnik Abdırasul Mıraliyev məktəbin tikintisini xalqlarımız arasında sıx qardaşlıq bağlarının sübutu kimi qiymətləndirib. O ulu öndər Heydər Əliyevin "Manas" dastanının 1000 illiyinə həsr olunmuş təntənəli yığıncaqda çıxışından sitat gətirərək deyib: "Manas"ın dili bizim hamımızın dilidir. Biz bir kökdən, bir dildən olan xalqlarıq”.
Sonra Ə.Surakmatov və H.Orucov məktəb binasının təməlini qoyublar. Onlar jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.
Daha sonra qəsəbə sakinləri yeni inşa olunacaq məktəbin layihəsi ilə tanış olublar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek