“Biz Heydər Əliyev məktəbini öyrənirik” adlı maarifləndirici tədbir keçirilib








Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Türkiyə - Azərbaycan Yüzüncü İl Platformasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr edilmiş “Biz Heydər Əliyev məktəbini öyrənirik” adlı maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Türkiyə - Azərbaycan Yüzüncü İl Platformasının sədri Elmin Sadıqov Ümummilli Lider Heydər Əliyevin mənəvi-siyasi irsinin müasir gənclər arasında təbliğinin əhəmiyyətindən bəhs edib. O, Ulu Öndərin siyasi lider, böyük strateq və ideoloq kimi tarixə düşdüyünü vurğulayıb.
Milli Məclisin sədr müavini Musa Qasımlı diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev zaman və məkan anlayışlarını aşan böyük siyasi şəxsiyyətdir. Onun siyasi irsi bu gün gənc nəsil üçün örnəkdir və öyrənilməsi vacib olan məktəbdir. O əlavə edib ki, sovet dövründə belə xalqımızın milli kimliyini qorumaq və gələcək nəsillərə ötürmək üçün Ulu Öndər Heydər Əliyevin apardığı siyasət mühüm rol oynayıb: “Bu gün ölkənin istər dövlət, istərsə də özəl qurumlarında, eləcə də ictimai təşkilatlarda həyata keçirilən layihələr və fəaliyyətlər Ümummilli Liderə olan hörmət və ehtiramın təzahürüdür. Bugünkü tədbir yalnız Azərbaycan daxilində deyil, həm də Türkiyə ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin davamıdır. Gənclərə müraciət edərək onları bu dəyərlərə sadiq qalmağa, Ulu Öndər Heydər Əliyev məktəbinin fəal davamçıları olmağa çağırıram. Ümummilli Liderin irsi yalnız bir siyasi yol deyil, həm də azərbaycançılıq ideyasının canlı təcəssümüdür”.
AMEA-nın vitse-prezidenti akademik Arif Həşimov bildirib ki, dünya miqyasında cərəyan edən sosial-siyasi, iqtisadi və mədəni dəyişikliklər ciddi elmi təhlil və diqqətli müşahidə tələb edir. Bu dəyişikliklər təkcə geosiyasi xəritəni deyil, həm də insanların düşüncə tərzini, dəyərlər sistemini və gələcək baxışlarını köklü şəkildə formalaşdırır: “Bu proseslərin dərk olunmasında, ideya və fəaliyyətlərin arxasında duran məna qatlarının açılmasında elmin və maarifləndirmənin mühüm rolu var. Bu gün gələcəyin əsas dayağını təşkil edən gənc nəslin elmə, təhsilə və ictimai şüura olan marağı cəmiyyətimizin sabahına verilmiş ən böyük sərmayədir. Bu baxımdan Ümummilli Lider Heydər Əliyev məktəbi yalnız siyasi irs deyil, eyni zamanda, əxlaqi, ideoloji və strateji düşüncə sistemidir. Bu məktəbin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi milli kimliyimizin və dövlətçilik ənənələrimizin qorunmasına mühüm töhfə verir”.
Tədbirdə, həmçinin deputatlar Hikmət Məmmədov və Vasif Qafarov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərini vurğulayıblar, müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Sonda qeyd olunub ki, belə tədbirlər dövlətçilik ənənələrimizin qorunub saxlanmasına xidmət edir, eyni zamanda, gənc nəsildə milli-mənəvi irsimizə olan marağı artırır, onları ölkənin gələcək inkişafında fəal olmağa təşviq edir.