“Biz ŞHK-nı yaşadırıq” kitabı nəşr olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
SOCAR-ın dəstəyi ilə “Biz ŞHK-nı yaşadırıq” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitabda XXI əsrin əvvəllərində Azərbaycanda ŞHK hərəkatından, əfsanəvi “Bakılı oğlanlar” komandasının parçalanmasından sonra yaradılan ŞHK komandalarının xronoloji salnaməsindən söhbət açılır.
Yeni əsrin ilk onilliyində müxtəlif tələbə komandalarının çıxışları, məktəb, ali məktəb ŞHK hərəkatının inkişafına Şən və Hazırcavablar Klubunun hərtərəfli təsiri oxucuya maraqlı şəkildə təqdim olunub.
Hazırda fəaliyyət göstərən Azərbaycan Şən və Hazırcavablar Klubunun yaranma tarixi, təsis edilməsi və nailiyyətləri kitabda xüsusi yer tutur.
Kitabda yeni faktlara, ŞHK-nın inkişafına müəyyən töhfə vermiş, lakin indiyədək cəmiyyətin diqqətindən kənarda qalan yeni adlara rast gəlmək olar.
Kitaba ön sözü Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov yazıb. Nazir xatırladır ki, dövlət gənclər siyasətinin əsas istiqamətləri “Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə müəyyən edilib. Dövlət Proqramında ölkədə ŞHK hərəkatının dəstəklənməsinə ayrıca yer ayrılıb. “Fikrimcə, belə hərtərəfli diqqət nəticəsiz qalmayacaq və biz qısa zamanda yaradıcı gənclərimizin beynəlxalq arenalarda daha böyük uğurlarını görəcəyik”, - deyə nazir vurğulayıb.
Kitabda ayrı-ayrı illərdə müxtəlif KİV-lər tərəfindən, o cümlədən AZƏRTAC-ın saytında ŞHK hərəkatı tarixinə, “Azərbaycan Respublikasının Prezidenti Kuboku” Beynəlxalq Turniri, Azərbaycan ŞHK Regional Liqası, “Bakı tətilləri” Beynəlxalq ŞHK Festivalı, ŞHK Məktəb Yunior Liqası kimi tədbirlərə, “Bakı yığması”nın çıxışlarına və qələbələrinə həsr edilən məqalələr, Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizovla, Beynəlxalq ŞHK İttifaqının prezidenti Aleksandr Maslyakov ilə müsahibələr yer alıb.
Sözsüz ki, nəşr ŞHK oxucuları və hamı tərəfindən sevilən bu oyunda ilk addımlarını atan hər kəs üçün masaüstü kitaba çevriləcək.