“BİZİ ƏSİRLİKDƏN QURTARIN” KİTABININ TƏQDİMATI OLMUŞDUR
Tədbir Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası, AMEA-nın İnsan Hüquqları İnstitutu və “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi (İB) tərəfindən təşkil olunmuşdur.
İnstitutun direktoru, professor Rövşən Mustafayev bildirmişdir ki, “Bizi əsirlikdən qurtarın” kitabı “Həsrət yolu” İB-in sədri Esmira Orucova tərəfindən hazırlanaraq Dövlət Komissiyasının köməyi ilə işıq üzü görmüşdür.
R.Mustafayev “Bizi əsirlikdən qurtarın” kitabının əsir və girov düşmuş həmvətənlərimizin tapılaraq Vətənə dönməsinə təkan verəcəyini bildirmişdir.
Tədbirdə Azərbaycan Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov, Qarabağın azərbaycanlı icmasının sədri Nizamı Bəhmənov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Elman Məmmədov, Havva Məmmədova, alimlər, politoloqlar çıxış etmişlər.
5 minə yaxın Azərbaycan vətəndaşının itkin düşməsi diqqətə çatdırılmış və vurğulanmışdır ki, kitabda milliyyətcə azərbaycanlı, mesxet türkü, talış, ləzgi, tat, tatar, rus və ukraynalı olan 753 Azərbaycan vətəndaşının erməni əsir və girovluğunda saxlandığı öz əksini tapmışdır.
“Qismət” nəşriyyatında Azərbaycan və ingilis dillərində çap olunmuş “Bizi əsirlikdən qurtarın” kitabında əsir və girov götürülmüş vətəndaşlarımızın saxlanıldığı məntəqələrin xəritəsi dərc edilmişdir.
Məlumat verilmişdir ki, 2007-cı ilin fevral ayında AMEA-nın İnsan Hüquqları İnstitutu “Erməni terrorizmi insan haqlarına təhlükədir” mövzusunda beynəlxalq konfrans keçirəcəkdir.