BİZNES FORUMUN İŞTİRAKÇILARI SUMQAYITA GƏLMİŞLƏR
İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev qonaqlara şəhər haqqında məlumat verərək bildirdi ki, Sumqayıt həm yeni, həm də əvvəlki tərəfdaşları ilə əməkdaşlığını möhkəmləndirir. 30 ildən artıqdır ki, Almaniyanın Lüdviqshafen şəhəri ilə səmərəli əlaqələr mövcuddur. Sənaye və məişət tullantılarının daşınması və istifadəsi ilə məşğul olan ADES Azərbaycan-Almaniya müştərək müəssisəsi Sumqayıtda uğurlu fəaliyyət göstərir. Çeşidləmə və təkrar emal sexinin tikintisi nəzərdə tutulmuşdur.
Almaniyanın ölkəmizdəki səfiri Detlef Lingeman bildirmişdir ki, Lüdviqshafen və Sumqayıt oxşar şəhərlərdir və öz ölkələrinin iqtisadiyyatı üçün eyni əhəmiyyət daşıyırlar. O xüsusi vurğulamışdır ki. Almaniyanın “Siemens” şirkəti şəhərdə 506 meqavat gücündə elektrik stansiyasının tikintisinə başlamışdır. Onun özülqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmişdir.
Almaniya İqtisadiyyat və Texnologiya Nazirliyinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri bildirmişlər ki, biznes-forumda iştirak edən alman orta biznes nümayəndələrinin ölkəmizin bölgələri ilə əməkdaşlıqda marağı var.
Kimyaçıların Üzeyir Hacıbəyov adına mədəniyyət sarayının konfrans salonunda biznes-forum iştirakçılarının sumqayıtlı sahibkarlarla görüşü keçirilmiş, əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Sonra biznes-forum iştirakçıları üç qrupa ayrılaraq, bəzi dövlət müəssisələrinə və özəl müəssisələrə getmişlər.