Biznes subyektlərinin nümayəndələri üçün məlumatlandırma görüşü keçirilib








“Business Ready” reytinq hesabatının “İşçi qüvvəsi” indikatoruna dair təqdimat edilib
Bakı, 23 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Marsol Group partnyoru olan biznes subyektlərinin nümayəndələri üçün Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatının “İşçi qüvvəsi” indikatoruna dair məlumatlandırma görüşü təşkil edilib.
Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev hesabatın əhəmiyyəti və nəticələrin ölkələrin beynəlxalq biznes mövqeyinə təsiri barədə məlumat veriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin sektor müdiri Nicat Rəhmanlı tərəfindən hesabatın “İşçi qüvvəsi” indikatoruna dair təqdimat edilib.
Əmək və məşğulluq sahəsində islahatlar, habelə əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesində özəl sektor ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə biznes subyektlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.