“Biznesə daxilolma” işçi qrupunun iclası keçiriləcək
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 26-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərlik etdiyi “Biznesə daxilolma” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə 2023-cü ilin 1-ci rübündə görülmüş işlər barədə məlumatlar veriləcək və Yol Xəritəsinin “Xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası” adlı 1.2.2-ci bəndi üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə ediləcək.
Vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsi və keçiriləcək iclasla əlaqədar “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər verə bilərlər.