MƏDƏNİYYƏT
BMA-da elmi-praktiki konfrans - Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu
Bakı, 27 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” adlı respublika elmi-praktiki konfransı keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konfrans Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Əvvəlcə konfransın əhəmiyyətindən, Heydər Əliyevin xalqı üçün misilsiz xidmətlərindən söz açılıb, onun həyat və fəaliyyəti, habelə görkəmli incəsənət xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olunub.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Ulu Öndərin millətimizə, xalqımıza olan hədsiz məhəbbətindən danışıb. Qeyd edilib ki, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev yekdilliklə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi: “Bu, böyük bir qayıdış idi. Azərbaycan çox çətin günlərini yaşayırdı. Tarixi qayıdış hər sahədə olduğu kimi, mədəniyyətin də tərəqqisinə səbəb oldu. Dahi şəxsiyyətin diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yeni yüksəliş dövrünə qədəm qoydu”.
BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar İncəsənət xadimi Gülnaz Abdullazadə çıxış edərək, elmi – tədqiqat laboratoriyasının dəyərli əməkdaşı, tanınmış musiqişünas Ariz Abduləliyevin vəfatından sonra dərc olunmuş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyətinin inkişafı məsələləri” adlı kitabı haqqında fikirlərini bölüşüb.
Plenar iclasda çıxış edən BMA-nın “Solo oxuma və opera hazırlığı “ kafedrasının müdiri, Xalq artisti Xuraman Qasımova, Xalq artisti, professor Ramiz Quliyev Ulu Öndər haqqında xatirələrini konfrans iştirakçıları ilə bölüşüblər. Hər iki sevimli sənətkar haqqında Heydər Əliyevin söylədiyi dəyərli fikirlər videoçarxlar vasitəsilə çatdırılıb.
Sonra BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti Yeganə Axundovanın, “Tarix- nəzəriyyə” fakültəsinin dekanı Gülzar Mahmudovanın, Əməkdar müəllim Cəmilə Həsənovanın, Xalq artisti Zümrüd Məmmədovanın, Əməkdar incəsənət xadimi Arif Əsədullayevin və digər müəllim-tələbə heyətinin konfrans çərçivəsində məruzələri dinlənilib.
Sonda bütün iştirakçılara sertifikatlar təqdim olunub.