BMT 2005-Cİ İLİ YÜKSƏLİŞLƏR VƏ MƏĞLUBİYYƏTLƏR İLİ KİMİ SƏCİYYƏLƏNDİRMİŞDİR
Təşkilatın fəaliyyətində başlıca hadisə BMT-nin 60 illiyi münasibətilə dövlət və hökumət başçılarının sentyabrda keçirilmiş zirvə görüşü olmuşdur. Görüşün yekun sənədi BMT-nin yaxın gələcəkdə fəaliyyətinin perspektivlərini və XXI əsrin gerçəkliklərinə uyğunlaşmaq məqsədi ilə aparılan islahatların istiqamətlərini müəyyən etmişdir.
2005-ci il zirvə toplantısının qərarlarının həyata keçirilməsi üçün atılan addımlar göstərir ki, təşkilat yenidən qurulur. Münaqişə və müharibələrdən çıxmış ölkələrin problemlərinin həllinə əlaqələndirilmiş və kompleks yanaşmanı işləyib hazırlayacaq Dünya Quruculuğu üzrə Komissiya təsis edilmiş, təbii kataklizmlərin və texnogen qəzaların nəticələrini aradan qaldıran ölkələrə yardım məqsədi ilə Fond yaradılmışdır. 2006-cı il yanvarın 1-dən Etika Bürosu fəaliyyətə başlayacaqdır. Büro BMT Katibliyinin işinə nəzarət edəcək və burada korrupsiya ilə mübarizə aparacaqdır.
Ötən il təşkilatı bir-birinin ardınca qalmaqallar sarsıtmışdır. Onlardan biri - İraq üçün nəzərdə tutulmuş “Neft müqabilində ərzaq” humanitar proqramı ətrafında qalmaqal BMT-nin nüfuzuna mənfi təsir göstərmiş və böyük əks-səda doğurmuşdur.
Yeni ildə BMT qarşısında İraqda siyasi prosesin dərinləşdirilməsi, Fələstin-İsrail münaqişəsinin həllinə yardım, Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi, Afrikada sülhyaratma əməliyyatlarının aparılması, təbii fəlakətlərin qurbanlarına yardım, yoxsulluq və xəstəliklərlə mübarizə, ətraf mühitin mühafizəsi kimi vəzifələr durur.
Bu məqsədlərə nail olunmasının uğuru təkcə Kofi Annanın şəxsi səylərindən deyil, daha çox BMT üzvü olan ölkələrin siyasi iradəsindən və əlaqələndirilmiş fəaliyyətindən asılıdır. Ümumi rəyə görə, yalnız bu yolla təşkilatda yeni ab-hava yaratmaq mümkündür.