BMT: Dünyada davamlı urbanizasiya və iqlim dəyişikliyi ilə bağlı narahatlıq artır
Bakı, 15 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı (BMT) 15 may - Beynəlxalq Ailə Günü ilə əlaqədar müraciət yayıb.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, müraciətdə deyilir: “2022-ci ilin sonunda dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi tərəfindən “insan inkişafında mərhələ” kimi səciyyələndirilən bu əlamətdar hadisə insan ömrünü uzadan sağlamlıq sahəsində böyük irəliləyişləri nümayiş etdirir. Əhali artımı azalan sürətlə də olsa davam etməlidir. Dünya əhalisinin sayının 2050-ci ildə 9,8 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfərə çatacağı proqnozlaşdırılır, eyni zamanda, davamlı urbanizasiya perspektivləri və iqlim dəyişikliyinin idarə olunması ilə bağlı narahatlıqlar da artır”.
Müraciətdə vurğulanır ki, demoqrafik dəyişiklik bütün dünyada ailələrin həyatına və rifahına təsir edən ən mühüm meqatrendlərdən biridir. Demoqrafik meyillər əsasən reproduktiv və ölüm nümunələri ilə formalaşır. Doğum nisbətinin azalması ailələr üçün fayda gətirir, çünki onlar uşaqlarının sağlamlığına və təhsilinə daha çox sərmayə qoya bilirlər ki, bu da öz növbəsində, yoxsulluğun azaldılmasına və daha yaxşı sosial-iqtisadi inkişafa kömək edir. Tədqiqatlar göstərir ki, reproduktiv göstəricilərin azalması qadınların əmək prosesində iştirakını da artırır. Digər tərəfdən, bu amil qayğı və digər ev təsərrüfatı vəzifələrinin öhdəsindən gəlmək ehtimalı az olan kiçik ailələrə səbəb olur. Belə ki, işsizlik və ya xəstəlik zamanı ailələrin güvənəcəyi daha az üzvü olur. Bundan əlavə, aşağı doğum əmsalı əmək qüvvələrini və sosial strukturları sarsıda bilər və bu, sosial təminatdan gender bərabərliyinə qədər tüğyan edən problemlərin proqnozlaşdırılmasının çətin nəticələri ilə kəskin reaksiyalara səbəb olacaq.
2023-cü ildə Beynəlxalq Ailə Gününün qeyd olunmasının əsas məqsədi demoqrafik tendensiyaların ailələrə təsiri barədə məlumatlılığı artırmaqdır. Bu tədbirlərə aşağıdakılar daxildir: “Demoqrafik meyillərin ailələrə təsiri” mövzusunda əsas məqalənin təqdimatı, 2023-cü il Dünya Sosial Hesabatının təqdimatı, “Qocalmaqda olan dünyada heç kəsi geridə qoymamaq” və “Nəsillər arasında bərabərlik və həmrəylik” mövzularında təqdimat. BMT-nin uyğun strukturları bu mövzularda interaktiv müzakirələr təşkil edəcək.