BMT-NİN 60 İLLİYİ MÜNASİBƏTİLƏ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova BMT-nin fəaliyyəti barədə məlumat vermiş, bu təşkilatın xətti ilə köməyə ehtiyacı olan ölkələrə yardımlar göstərildiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, bu beynəlxalq qurum insan hüquq və azadlıqlarının qorunması, sülhün, sabitliyin və demokratik dəyərlərin bərqərar olunması, münaqişə ocaqlarının aradan qaldırılması, yoxsulluq və digər problemlərin həlli üçün mübarizəni davam etdirir.
M.Borsotti bu nüfuzlu təşkilatın ötən illər ərzində fəaliyyətini daim təkmilləşdirdiyini, strukturlarını genişləndirdiyini, insanlara yardımçı olduğunu, onların hüquqlarının təmin olunmasına diqqət yetirdiyini, həmçinin təhlükəsizliyin qorunmasında və terrorizmə qarşı mübarizədə fəal iştirakını vurğulamış, BMT-nin üzv dövləti olaraq, Azərbaycanın səhiyyə və təhsil sahəsində, idarəetmədə müsbət nəticələr qazandığını söyləmişdir.
Tədbirdə BMT-nin bölmələri və başqa ixtisaslaşdırılmış qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri qurulduğu, insan hüquqları üzrə birgə layihələr və silsilə tədbirlər həyata keçirildiyi diqqətə çarpdırılmışdır.