BMT rəsmisi: Tikintilərdə bəzən keyfiyyətli və uzunömürlü materiallara üstünlük verilmir VİDEO
Bakı, 20 may, AZƏRTAC
Dünyada 2,8 milyard insan adekvat mənzil şəraiti olmayan yerlərdə yaşayır.
AZƏRTAC xəbər verir ki, bunu BMT Baş katibinin köməkçisi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim-mənzil əlaqəsi: bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?” panelində çıxışı zamanı deyib.
O bildirib ki, mənzil bazarında mövcud boşluqların aradan qaldırılması üçün geniş araşdırmalar aparılmalı, mövcud problemlər düzgün qiymətləndirilməlidir. BMT rəsmisinin sözlərinə görə, bir sıra tikinti şirkətləri iqlim amillərini kifayət qədər nəzərə almır və daha çox kommersiya maraqlarına üstünlük verirlər.
“Şirkətlər ən aşağı qiymətə evlər tikirlər, lakin bunun uzunmüddətli nəticələri nəzərə alınmır. Nəticədə həmin yaşayış məkanlarında yaşayan və çalışan insanlar müxtəlif çətinliklərlə üzləşirlər. Əsas problemlərdən biri maliyyə məsələsidir. Tikintidə bəzən dayanıqlı olmayan materiallardan istifadə edilir, keyfiyyətli və uzunömürlü tikinti ləvazimatlarına üstünlük verilmir”, – deyə o vurğulayıb.